
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin “Qazax” əlahiddə
sərhəd diviziyasının qarnizon kompleksinin açılışı zamanı hərbi
qulluqçuların mənzil və sosial-məişət şəraitinin yaxşılaşdırılması
üzrə verdiyi tapşırıqların icrası çərçivəsində fevral ayının 15-də
Qazax rayonunun Daş Salahlı kəndi ərazisində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd
diviziyasında yeni inşa olunmuş yaşayış binaları xidməti istifadəyə
verilib.
Trend xəbər verir ki, bu
barədə DSX məlumat yayıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi,
torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid
Abdullayev və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
hərbi qulluqçular və onların ailə üzvləri üçün inşa olunmuş yaşayış
binalarının açılışında iştirak edib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin
Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Çıxış edənlər ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və
dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə
və mühafizə infrastrukturunun inkişaf etdirilməsinin, hərbi
qulluqçuların xidmət şəraitinin və sosial təminatının
yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin,
dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü
olmasını xüsusi olaraq vurğulayıblar.
Müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan
sərhədçilərinin ölkəmizin sərhəd mühafizəsini hər zaman layiqincə
yerinə yetirdikləri bildirilib.
Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış
binalarında yaradılmış şəraitlə tanış olunub və xidməti mənzillərə
baxış keçirilib.
İstifadəyə verilmiş yaşayış şəhərciyi 5 binadan 140 mənzildən
ibarətdir. Bütün mənzillər təmirlidir və mətbəx mebeli ilə təchiz
olunub, həyətyanı ərazidə 120 kvadratmetrdən ibarət 5 ədəd
söhbətgah, nasosxana binası və 600 kvadratmetrlik su rezervuarı
inşa edilib.
Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilib.





























