Advertisement

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakı. Trend:

Sabahdan Azərbaycanda hava şəraitinin yağıntılı keçəcəyi, güclü
külək müşahidə ediləcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 12-si günün
ikinci yarısından 13-ü səhərədək şimal-qərb küləyinin 15-18 m/s,
axşam yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi
gözlənilir. Mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı
gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək
çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında da mayın 12-si gündüz şimal və qərb
bölgəsindən başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək
fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur,
Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran,
Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı,
dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək
güclənəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun
artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin
ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.