Advertisement

Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günü (VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
mayın 12-də davam edib.

Trend xəbər verir
ki, bu gün Xan qızı Natəvanın Sarayı qarşısında Birləşmiş Ərəb
Əmirliklərindən “Almazyood” və Mərakeşdən “Tizwit” qruplarının
konserti ilə başlayıb.

Qeyd edək ki, builki festivalda çıxış edən mədəniyyət və
incəsənət xadimlərinin təmsil etdikləri ölkələr təsadüfi
seçilməyib. İfaçılar və yaradıcı kollektivlər ICESCO-ya üzv olan
ölkələrin təmsilçiləridir. Belə ki, Şuşa şəhəri 2024-cü il üçün
“İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub.

“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın
12-də həm də “Qarabağnamə” adlı sərgi açılıb. Yaradıcılıq
Mərkəzindəki sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin
mədəniyyəti, məişəti, xüsusilə də Şuşanın tarixi və memarlığını əks
etdirən əsərləri nümayiş etdirilib.

Şuşadakı proqram Cıdır düzündə musiqi bayramı – Aboubakar Silla
(Qvineya), Abbos Kosimov (Özbəkistan) və “Natiq” ritm qrupunun
(Azərbaycan) konsertləri ilə yekunlaşıb.

Festival sabah Laçında konsert proqramları ilə başa çatacaq.