
Bakı. Trend:
İİV infeksiyası ilə bağlı müalicə yoxdur. Lakin bununla yanaşı,
beynəlxalq təlimatlara uyğun səmərəli profilaktika, diaqnostika,
müalicə və qayğı xidmətlərinə əlçatanlığın təmin edilməsi ilə İİV
infeksiyasını idarəolunan xroniki xəstəliyə çevirmək və bununla da
İİV-lə yaşayan insanlara uzun və sağlam həyat sürməyə imkan
yaratmaq mümkündür.
Trend xəbər verir ki, bunu “İİV/QİÇS-in diaqnostikası, müalicəsi
və profilaktikasında müasir yanaşmalar” mövzusunda təlimin açılış
mərasimində ÜST-nin Azərbaycandakı Ofisinin rəhbəri Hande Harmancı
çıxışında söyləyib.
H.Harmancı bildirib ki, ÜST ölkələrə İİV infeksiyasının
aşkarlanma sayını yüksəltmək və yoluxmuşların erkən müalicəyə cəlb
edilməsi üçün yeni test alqoritmi və test müayinəsinin
desentralizasiyasını tövsiyə edir.
“ÜST İİV epidemiyasının dayandırılması istiqamətində ölkələrə
texniki dəstək göstərməyə hər zaman davam edəcək”, – deyə o
bildirib.





























