
Bakı. Trend:
Mayın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası
keçirilib.
Parlamentdən Trend-ə verilən məlumata görə, Komitənin sədri
Bəxtiyar Əliyev iclasda “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi
arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel
tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq
edilməsi haqqında qanun layihəsinin müzakirə ediləcəyini
söyləyib.
Komitə sədri diqqətə çatdırıb ki, iki ölkə arasında təhsil
sahəsində əməkdaşlığa dair Sazişin 7-ci maddəsinə uyğun olaraq
hazırlanmış Protokol 2024-cü il martın 11-də Bakı şəhərində
imzalanıb. Protokolda nəzərdə tutulan dəyişikliklərdə Sazişin
adında və mətnində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”,
“Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi” və “təhsil
sahəsində əməkdaşlıq haqqında” sözləri “Azərbaycan Respublikasının
Elm və təhsil Nazirliyi”, “Qazaxıstan Respublikasının Elm və Ali
Təhsil Nazirliyi” və “elm və ali təhsil sahəsində əməkdaşlıq
haqqında” sözləri ilə əvəz olunur. Bununla yanaşı, Sazişin bir sıra
maddələri yeni redaksiyada təqdim edilir.
Bildirilib ki, Protokolda tərəflər arasında dövlətlərin milli
qanunvericiliyinə uyğun olaraq bərabərlik və qarşılıqlı fayda
əsasında Azərbaycan Respublikasının ali təhsil sahəsində və
Qazaxıstan Respublikasının ali və ali təhsildən sonrakı təhsili
sahəsində əməkdaşlığın inkişaf etdirilməsi təsbit olunur. Bu
əməkdaşlıq çərçivəsində tərəflərin dövlətlərinin maraqlı elm və ali
təhsil müəssisələri arasında müqavilələr əsasında tələbələrin,
professor-müəllim heyətinin, elmi işçilərin mübadiləsi, müxtəlif
konfrans və forumlarda tələbələrin qarşılıqlı iştirakı, dövri
nəşrlərin, təhsil sahəsinin müxtəlif aspektləri, attestasiya və
akkreditasiya prosedurları, elmi dərəcələr və elmi adlar barədə,
sənədlərin tanınması prosedurları haqqında məlumatların mübadiləsi
nəzərdə tutulur.
Komitə üzvləri Etibar Əliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli,
Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Pərvin Kərimzadə təklif olunan
dəyişikliklərin elm və təhsil sahəsində əməkdaşlığın
gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi baxımından
əhəmiyyətindən bəhs ediblər, habelə ölkəmizdə təhsilin inkişafı,
türk dünyasına inteqrasiya prosesləri ilə bağlı fikirlərini
bölüşüblər. Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin
sektor müdiri Kamalə Əzimova layihə barədə şöbənin müsbət rəyini
səsləndirib.
İclasın sonunda qanun layihəsi Milli Məclisin plenar iclasında
müzakirəyə tövsiyə olunub.





























