Advertisement

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

Bakı. Trend:

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında”
Azərbaycan Respublikasının Qanununda mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə
tutulub. Bundan irəli gələrək Azərbaycan Respublikası Prezidentinin
13 may 2024-cü il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə” təsdiq
olunub. Sözügedən əsasnamə reyestrin fəaliyyətinin hüquqi,
təşkilati və texnoloji əsaslarını, o cümlədən reyestrin aparılması
qaydasını və buraya daxil edilməli olan məlumatların siyahısını
müəyyən edir.

Müvafiq əsasnaməyə uyğun olaraq yaradılacaq reyestr KOB-lar,
onlara dövlət qurumlarının göstərdiyi xidmətlər və dəstək
tədbirləri, fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri barədə
məlumatların vahid elektron mənbədən əldə edilməsinə imkan verəcək.
Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları
arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət
İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB
subyektləri barədə zəruri məlumatların operativ əldə olunmasına,
istifadəçilər üçün rahatlığın təmin edilməsinə, həyata keçirilən
prosedurlar və onların nəticələrinin izlənilməsi mümkünlüyü ilə
şəffaflığı təmin edəcəkdir.

KOB subyektləri haqqında müxtəlif məlumatlar, o cümlədən
subyektin adı, ünvanı, VÖEN-i, dövlət qeydiyyatına dair dövlət
reyestrindəki məlumatlar, əlaqə vasitələri, meyarlara görə bölgü,
verilmiş lisenziya və icazələr, fəaliyyət sahəsi, keçirilmiş
yoxlamalar (monitorinqlər), dövlət qurumları tərəfindən həyata
keçirilən qiymətləndirmənin nəticələri və s. reyestrdə öz əksini
tapacaq.

KOB subyektləri, reyestrin informasiya proseslərində iştirak
edən dövlət qurumları, KOB-lara dəstək infrastrukturunu təşkil edən
qurumlar sözügedən reyestrdən istifadə edə biləcəklər.

Reyestrin sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı
Agentliyidir (KOBİA).

Reyestrdəki məlumatların əldə edilməsinə görə ödəniş tələb
olunmur.