Bakı. Trend:
Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə
kreditlərinin verilməsi Qaydasında dəyişiklik edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar
imzalayıb.
Qərara əsasən, təhsillərinin birinci tədris ilinin ilk
semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna
malik olan tələbələrin əhatə dairəsi genişləndirilir:
– ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
– ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
– bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz
pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18
yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər;
– bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük
azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması
növlərində cəza çəkən, digər valideyni bu Qaydada qeyd olunan
kateqoriyalardan hər hansı birinə aid olan şəxslər.
Qərara əsasən, TTK-nin qaytarılması zamanı bu Qaydada nəzərdə
tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə
aşağıdakı qaydada həyata keçirilir:
– borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri
(yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə
təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq
qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin
məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir;
– Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları
nəzərdən keçirərək 3 (üç) iş günü müddətində bu Qaydada nəzərdə
tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin
qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin
“Şəxsi kabinet”ində yerləşdirilir;
– müvəkkil bank bu Qaydada qeyd olunan məlumatları elektron
sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müddətində
borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər
edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.





























