Advertisement

Əlilliyin qiymətləndirilməsi ilə bağlı qaydalar dəyişdi

Bakı. Trend:

Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza
müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq
qərar imzalayıb.

Dəyişikliklə sənədə yeni bənd əlavə olunub.

Yeni bəndə əsasən, bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas
şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində
nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən
imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

Qeyd edək ki, 1.5-ci bənd göndəriş verilməsi üçün əsasları
nəzərdə tutur:

1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində
fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə
ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə
olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa
olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli
iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat
pozuntularının olması;

1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların,
dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji
xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması
(göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət
gözlənilmədən verilir);

1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci
və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların,
çatışmazlıqların və xəstəliklərin davam etməsi;

1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən
edilməsi;

1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan
dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial
ekspertiza müayinəsinə zərurət yaranması.

2.2-ci bənddə isə göstərilir ki, komissiya göndəriş üçün
müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci
yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec
olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik
tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini
araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs
ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə
olaraq 10 (on) iş gününədək artırılır.