Advertisement

ADA Universiteti Amerika Universitetinin Vaşinqton Hüquq Fakültəsi ilə birgə yeni proqram təqdim edir (FOTO)

Bakı. Trend:

ADA Universiteti Amerika Universitetinin Vaşinqton Hüquq
Fakültəsi (“AUWCL”) ilə hüquqşünaslıq üzrə birgə bakalavr və
magistr proqramı elan edib.

Bu münasibətlə keçirilən açılış mərasimində ABŞ-nin
Azərbaycandakı səfiri Mark Libbi, ADA Universitetinin ABŞ-dakı
Mərkəzinin prezidenti Qalib Məmməd, Amerika Universitetinin
Vaşinqton Hüquq Fakültəsinin “Beynəlxalq Hüquq Araşdırmaları
Proqramı”nın rəhbəri professor Padide Alay da daxil olmaqla
Universitetin nümayəndə heyəti, o cümlədən ADA Universitetinin
prorektorları, dekanları və tələbələri iştirak ediblər.

Qonaqları salamlayan tədbirin moderatoru, ADA Universitetinin
Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadə
Universitetin əmək bazarının tələblərini qarşılayan peşəkarlar
yetişdirmək üçün xarici ali təhsil ocaqları ilə yeni əməkdaşlıqlara
imza atdığını diqqətə çatdırıb.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu gün təqdim edilən
proqramın ABŞ və Azərbaycan arasında genişlənən təhsil əlaqələrində
nümunə olduğunu bildirib. Səfir qeyd edib ki, proqram vasitəsilə
azərbaycanlı tələbələr ABŞ-nin prestijli hüquqşünaslarından dərs
alacaqlar.

Çıxışında “ADA Universiteti yeni-nəsil azərbaycanlı qanun
keşikçiləri yetişdirəcək”, – deyə bildirən Qalib Məmməd
Universitetin vaxtilə elmdə, təhsildə yeni səhifə açan tarixi
maarifpərvərlərin izi ilə getdiyini vurğulayıb. ADA Universitetinin
hüquq təhsilində açdığı yeni səhifəni isə bunun bir nümunəsi kimi
qiymətləndirib. Qalib Məmməd əlavə edib ki, proqram ölkəmizə yalnız
hüquqşünaslar deyil, həm də akademik tədqiqat bacarıqlarına malik
pedaqoqlar qazandıracaq.

Professor Padide Alay çıxışında ADA Universiteti ilə “AUWCL”in
məqsəd və vizyonundakı bənzərliklərə toxunub. Çıxışçı əlavə edib
ki, iki fərqli qitəni təmsil edən bu iki universitet arasındakı
əməkdaşlıq nəticəsində sürətlə dəyişən dünyanın tələblərinə cavab
verəcək hüquqşünaslar yetişdiriləcək.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru Elkin
Nurməmmədov proqramın tələbələri nəzəri və praktiki biliklərlə
hərtərəfli təchiz edəcəyini vurğulayıb.

ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov
bildirib ki, proqram çərçivəsində tələbələr ADA Universitetində üç
il təhsil aldıqdan sonra Amerikada təhsil üçün ixtisas seçimi etmək
imkanı əldə edəcəklər.

ADA Universitetinin Tələbə işləri üzrə Dekanı Günay Ziyadova
birgə proqramın üstünlüklərindən bəhs edərkən vurğulayıb ki,
tələbələr təhsillərini daha qısa müddətdə başa vuraraq təhsil
xərclərini azaldacaq və əmək bazarına daha tez daxil olacaqlar.

Sözügedən proqram tələbələri həm Azərbaycan, həm də Amerika
hüquq sistemləri ilə tanış edərək məzunları beynəlxalq miqyasda
karyera üçün hazırlayır. Məzunlar bütün dünyada məşğulluq imkanları
ilə təmin edilirlər və beynəlxalq səviyyədə tanınan ixtisas
dərəcələri ilə rəqabət üstünlüyü qazanırlar.

Yeni təqdim edilən birgə proqram tələbələrə cəmi dörd il ərzində
həm bakalavr, həm də magistr dərəcələri qazanmağa imkan verəcək.
Tələbələr üç il ADA Universitetində, növbəti bir il isə Amerika
Universitetinin Vaşinqton Hüquq Fakültəsində təhsil alacaqlar.