
Bakı. Trend:
Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri Olqa
Avdeyevanın başçılıq etdiyi Missiya ilə görüş keçirilib.
Trend xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur
Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd
edib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Qlobal Fondun
missiyaları ilə mütəmadi keçirilən görüşləri mövcud əlaqələrin daha
da inkişafına böyük dəstək verir.
Teymur Musayev 2005-ci ildən etibarən QİÇS, Vərəm və Malyariya
ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə
fəaliyyətin dəstəklənməsində yaxından iştirak etdiyini bildirib:
“Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq
həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük
töhfədir”.
Nazir, həmçinin ötən ilin mart ayında Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə
kimi sertifikatlaşdırılmasını xatırladıb. “Malyariya ilə mübarizədə
uğur, həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər
hərtərəfli dəstəyi sayəsində mümkün olub”.
Sonda Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond
arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf
etdiriləcəyini qeyd edib.
Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın
“malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək
qiymətləndirib: “Bu nailiyyət səhiyyə işçilərinin davamlı
fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə
qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində
mümkün olub”.
Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə
sahəsində gördüyü işləri müsbət qiymətləndirən Olqa Avdeyeva,
göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Missiya
rəhbəri, həmçinin Qlobal Fondun Azərbaycan Səhiyyə Nazirliyi ilə
birgə bir sıra mühüm layihələrin icra olunduğunu vurğulayıb.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial
inkişaf imkanları müzakirə olunub.





























