Advertisement

Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Xankəndidə keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində
fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə
İşçi Qrupunun növbəti iclası Xankəndidə keçirilib.

Trend xəbər verir ki, iclasda
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük
Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə
infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı
görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara
dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası
ilə bağlı cari vəziyyət, qarşıya çıxan çətinliklər və onların həlli
yolları ətraflı müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun
rəhbəri Rəhman Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına
uyğun olaraq, hazırda həmin ərazilərdə avtomobil və dəmir
yollarının bərpa və tikintisi, yeni hava limanlarının inşası,
telekommunikasiya şəbəkələrinin qurulması kimi strateji layihələrin
icrası davam etdirilir.

R.Hümmətov hazırda Laçın hava limanının tikintisi üzrə işlərin
ümumi icra vəziyyətinin 65 faiz təşkil etdiyini, eləcə də ümumi
uzunluğu 2500 kilometr olan 26 layihə üzrə avtomobil yollarının
tikintisi işlərinin qrafikə uyğun aparıldığını qeyd edib. Bildirib
ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu
xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə
edilmiş fiziki tərəqqi müvafiq olaraq 92,5 və 52 faiz təşkil edir.
Bununla yanaşı, hazırda Ağdam-Xankəndi dəmir yolu xəttinin
layihə-smeta sənədlərinin hazırlanması üzrə işlər həyata
keçirilir.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə əhalinin
qayıdışı, bərpa-quruculuq işləri, eləcə də səfərlərin təşkili ilə
əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud
marşrutlara əlavə və tələbata uyğun olaraq yeni istiqamətlərdə
avtobus marşrutlarının açılması üzrə işlər görülür. Qarabağa turist
səfərlərinin genişləndirilməsi məqsədilə “Yolumuz Qarabağa” portalı
vasitəsilə vətəndaşlara fərdi minik avtomobilləri ilə də Şuşa
şəhərinə, Suqovuşan qəsəbəsinə və Laçın şəhərinə səfər etmək imkanı
yaradılıb.

Bildirilib ki, Laçın şəhərinin Baş Planına uyğun olaraq,
şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə
nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə işlər davam edir.
Bununla yanaşı, aparılmış təhlillər əsasında Xankəndi şəhərinin
nəqliyyat planının layihəsi hazırlanıb. Nəqliyyat planında nəzərdə
tutulan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus
dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və
marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus
deposunun yaradılması üzrə planlaşdırılan işlər və təkliflər əksini
tapıb.

İclasda yaxın zamanda məskunlaşması nəzərdə tutulan ərazilərdə,
o cümlədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində
və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastrukturunun
qurulması, ictimai nəqliyyat, sərnişindaşıma və telekommunikasiya
xidmətlərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş
müzakirə edilib.

Sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə
radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya
şəbəkəsi üzrə görülmüş və planlaşdırılan işlər barədə məlumat
verib. Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-televiziya
yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radio proqramının
yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin
təşkili üçün antiterror tədbirləri nəticəsində işğaldan azad edilən
ərazilər də daxil olmaqla, ümumilikdə 300 baza stansiyası
quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi və digər
ərazilərdə telefon və yüksəksürətli internet xidmətləri
göstərilir.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor
müdiri Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müavini Heydər
Rüstəmov, “Teleradio” İB-nin baş direktoru vəzifəsini icra edən
Elman Həsənov, “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra
edən Tural Pirverdiyev və digər iştirakçılar da iclasda çıxış
ediblər. Çıxışlarda işğaldan azad edilmiş ərazilərdə “Böyük
Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən
infrastruktur layihələrinin əhəmiyyəti, onların icrasının
İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti
qurumlar tərəfindən həyata keçirilməsi, ərazilərdə mina
təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni
salınacaq yaşayış məntəqələrinə əhalinin köçürülməsi və
məşğulluğunun təmin edilməsi və digər vacib məsələlərlə bağlı
qarşıda duran vəzifələrdən söz açılıb.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin
vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlər
görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində
müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə
bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər çərçivəsində Xankəndi şəhərinin daxili yol-nəqliyyat
şəbəkəsinin mövcud vəziyyətinə, şəhərdə telekommunikasiya
şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə görülən
işlərə, Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin
kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə–Ağdam, eyni
zamanda, tikintisi davam edən Ağdam–Əsgəran–Xocalı–Xankəndi–Şuşa
avtomobil yollarına baxış keçirilib.