
Bakı. Trend:
Bu gün Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı”
keçirilib.
Trend xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən
başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə
keçirilib.
Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları,
blogerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin
nümayəndələri iştirak edib.
Festivalda uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma,
ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta
hazırlanması, gil ilə iş və s.), animatorların iştirakı ilə
əyləncələr və sonda konsert proqramı təşkil edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki,
ailə milli mənəvi dəyərli almaq, vətəndaş kimi böyümək, cəmiyyətə
hazır bir şəxsiyyət kimi formalaşmağa şərait yaradan mühitdir.
O bildirib ki, bu mühit o qədər sağlam olmalıdır ki körpələr
qayğı ilə böyüyüb bəşəriyyət üçün önəmli şəxsiyyət olsun.
“Qarşımızda dayanan əsas hədəf insan, kamil insanlardan ibarət
cəmiyyətdir. Bizim iqtisadi, sosial, siyasi fəaliyyətlərinin
mərkəzində insanların mənafeyi dayanır. Bütün bunlar ilk sosial
birlik olaraq ailə mühitində insanlara aşılanır. Ailə çox önəmli
vəzifəni yerinə yetirir. Xalqın millətin dayanıqlı həyatını təmin
etmək üçün ən əlverişli mühit ailədir. Milyonlarla cəmiyyətlər
kiçik ailələrin nəticəsində formalaşır.
Azərbaycanda ailə mühiti yüksək səviyyədə yaradılır. Xalq olaraq
biz türk kimliyimizə sadiq qalmışıq, milli-mənəvi dəyərlərimizə
sahib çıxmışıq, sərvətlərimizi söykənmişik. Bunun nəticəsidir ki
ölkəmiz Azərbaycan dünya ölkələri içərisində sözün yaxşı mənasında
seçilir, nümunəvi ölkə kimi təqdim edilir. Dövlət qurumları olaraq
dünya ictimaiyyəti ilə birgə layihələr icra edirik. Ailə
festivalının keçirilməsində səbəb də məhz ailə anlayışının
müqəddəsliyinə işarədir”, – o deyib.
B.Muradova Qarabağa köç edən ailələrin də ata-baba yurdlarına
qayıdacaqlarına inanaraq vətənpərvər övladlar yetişdirdiyi diqqət
çəkib: “Azərbaycan xalqı var olduqca, torpaqların bütövlüyünün
bərpasına inanıb. Torpaqlarımızın bütövlüyünü təmin edən qəhrəman
oğullar da məhz Azərbaycan ailəsində böyüyüblər. Bu oğulların vətən
sevgisi də ailə mühitindən gəlir və vətən keşiyində dayanan bütün
soydaşlarımıza dərin təşəkkürlərimi bildirirəm. Azərbaycan bir daha
icazə verməyəcək ki, işğalçılıq, müstəmləkəçilik olsun. Biz türk
kimliyimizi yaşaması, dünyaya sülh və ədalət daşıması üçün xidmət
edəcəyik. Bu gün aramızda gəzən körpələr onların atalarının onlara
miras qoyduğu bütöv Azərbaycanı qoruyacaqlar. Ailə bütün inkişafın
dayaq nöqtəsidir”.
Daha sonra tədbir bədii proqramla davam etdirilib.





























