
Bakı. Trend:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev
ölkəmizdə səfərdə olan Belarus Respublikasının arxitektura və
tikinti naziri Ruslan Parxamoviçin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Trend xəbər verir ki, qonaqları salamlayan Komitə sədri “Belarus
Respublikasının Arxitektura və Tikinti Nazirliyi ilə Azərbaycan
Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında
əməkdaşlığın aktivləşdirilməsinə dair Niyyət Memorandumu” sayəsində
qurumlar arasında son illər ərzində şəhərsalma, memarlıq və tikinti
sahələrində sıx əməkdaşlığın və geniş təcrübə mübadiləsinin
mövcudluğundan məmnun olduğunu vurğulayıb.
Anar Quliyev, həmçinin Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin şəhərsalma sahəsində həyata keçirdiyi islahatların
nəticələri, xüsusən “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”
çərçivəsində işğaldan azad olunmuş ərazilərdə aparılan
genişmiqyaslı tikinti- quruculuq işləri barədə qonaqlara ətraflı
məlumat verib.
Geniş məlumata görə minnətdarlığını bildirən Ruslan Parxamoviç
son illər ərzində Belarusda tikinti sahəsində aparılan
islahatlardan və yeniliklərdən, habelə Azərbaycan və Belarus
arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi
imkanlarından söhbət açıb.
Görüş zamanı tərəflər şəhərsalma sahəsində dövlət inzibatçılığı,
ölkələrimizdə yaşayış məntəqələrinin və tikinti obyektlərinin
layihələndirilməsi üzrə əməkdaşlıq və qarşılıqlı əlaqələrin
genişləndirilməsi imkanlarını da geniş müzakirə ediblər.





























