Advertisement

UNEC-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Miqrasiya” dərsliyinin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

UNEC-də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Miqrasiya”
dərsliyinin ilk təqdimatı keçirilib.

UNEC Xanım Tədqiqatçılar Şurası, Miqrasiya Siyasətinin İnkişafı
üzrə beynəlxalq mərkəz və Kitabxana İnformasiya Mərkəzinin birgə
təşkilatçılığı ilə (ICMPD) keçirilən təqdimat mərasimində çıxış
edən elm və innovasiyalar üzrə prorektor dos. Fariz Əhmədov
miqrasiya sahəsində çap olunan ilk kitabın təqdimatının UNEC-də
keçirilməsinin sevindirici hal olduğunu vurğulayıb.

Prorektor UNEC-də əcnəbilərin sosial inteqrasiyası məqsədilə
təşkil olunan tədbirlər, UNEC Tədqiqat Mərkəzlərində miqrasiya və
təhlükəsizlik, iqlim dəyişikliyi, gender məsələləri istiqamətində
aparılan tədqiqatlar barədə məlumat verib. O, azərbaycan və ingilis
dillərində çap olunmuş “Miqrasiya” kitabının UNEC-də sosial iş
fənninin tədrisində, eləcə də qloballaşan dünyada fənlərarası
aspektdə yanaşılan miqrasiya üzrə tədqiqatların və
maarifləndirmənin genişləndirilməsi istiqamətində faydalı olacağını
vurğulayıb.

Sonra Miqrasiya siyasətinin inkişafı üzrə beynəlxalq mərkəzin
Bakı ofisinin direktoru Səltənət Məmmədova çıxış edərək, kitabın
miqrasiya sahəsi üzrə mütəxəssislərin hazırlanması və digər
istiqamətlərdə verəcəyi töhfələrdən danışıb. Miqrasiya üzrə təlim
və seminarların keçirilməsində, əcnəbilərin daha səmərəli
inteqrasiyası prosesində UNEC-lə əməkdaşlığın genişləndirilməsinin
əhəmiyyətini diqqətə çatdırıb.

UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, kitabın həmmüəllifi
Nərgiz Hacıyeva, ICMPD-nin Layihələrin idarə edilməsi üzrə məsul
əməkdaşı, UNEC XTŞ-nın tədqiqatçısı Lamiya Rzayeva-Əhmədli, digər
həmmüəlliflər Aygül Abbaszadə, Fuad Çıraqov kitabın fəsilləri
barədə ətraflı məlumat verdikdən sonra tədbir müzakirələrlər davam
edib.

Sonda kitab müəlliflər təfərindən imzalanaraq, iştirakçılara
hədiyyə olunub.