Bakı. Trend:
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru
Eşqi Bağırov cinayət törətməkdə şübhəli bilinən 55 nömrəli məktəbin
direktor müavini Elsevər İslamovla bağlı məsələyə aydınlıq
gətirib.
Trend xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında
bildirib.
“Düşünürəm bu məsələdə hələ tələsməyək, hüquq-mühafizə
orqanlarının araşdırmasının nəticəsini gözləyək. Bu şəxs
hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və cinayət
məsuliyyətinə cəlb olunub. Ümid edirəm ki, ədalətli qərar olacaq”,
– deyə o qeyd edib.
E.Bağırov əlavə edib ki, E.İslamov uzun müddətdir direktorun
təsərrüfat işləri üzrə müavini kimi fəaliyyət göstərir, pedaqoji
fəaliyyətlə məşğul olmayıb.
Qeyd edək ki, cari il may ayının 9-da Bakı şəhərinin Xətai
rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən
1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi
barədə məlumat daxil olub. Məlumat əsasında Xətai rayon
prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən
həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri
nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində
iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu
tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər
zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə
və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən
edilib.





























