Advertisement

Nəşi 30 ildən sonra tapılan şəhid Yusif Ağayev dəfn edilib

Bakı. Trend:

Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də
Yusif Balasəf oğlu Ağayevdir.

Trend xəbər verir ki, mayın 15-də şəhidlə vida mərasimi
keçirildikdən sonra nəşi Yasamal qəbiristanlığına gətirilib.

Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər,
ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları
altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb.
Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları
səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş
Azərbaycanın üçrəngli Dövlət bayrağı oğlu Vüqar Ağayevə təqdim
edilib.

Qeyd edək ki, Yusif Ağayev 1959-cu il sentyabrın 12-də Şamaxı
rayonunun Bağırlı kəndində anadan olub. 1991-ci ildə hərbi xidmətə
yollanan və bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il
yanvarın 26-da şəhid olub. Daşaltı uğrunda gedən döyüşlərdə itkin
düşmüşdü.