Advertisement

AzMİU-da COP29-a həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su
təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (STMKS)
fakültəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-la bağlı tədbir
keçirilib.

Tədbir “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, AzMİU-nun
Mühəndis sistemləri və qurğularının tikintisi, Ekologiya, Fövqəladə
hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, Meliorasiya və su
təsərrüfatı tikintisi kafedraları tərəfindən müştərək təşkil
olunub.

Tədbiri açıq elan edən Mühəndis sistemləri və qurğularının
tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov qeyd
edib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası
tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi böyük uğurdur.
Noyabr ayında keçirilməsi nəzərdə tutulan tədbirlərə hazırlıq
məqsədi ilə artıq ölkəmizdə silsilə tədbirlər keçirilir. Bizim də
bu gün fakültədə təşkil etdiyimiz tədbir bu mötəbər beynəlxalq
mərasimə həsr olunub. Professor COP29-la bağlı xüsusi qrupun da
yaradıldığını, həmin qrupa universitetin Fövqəladə hallar və həyat
fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam
Mustafayevin rəhbərlik etdiyini bildirib.

“Sukanal” Elmi-Tədqiqat İnstitutunun Hidroloji tədqiqatlar
şöbəsinin mühəndisi Ceyhunə Məmmədova “Layihə idarəetməsinin
əsasları” adlı məruzəsində layihə, layihənin əsas komponentləri,
layihə məlumatları və məlumat bazası, layihə idarəetməsinin tarixi,
əsas elementləri, biznes sənədlərlə iş məsələsi, layihə menecerinin
roluna toxunub.

Sonra digər çıxışlara keçilib. İnstitutun Su təchizatı,
kanalizasiya sistemlərinin və hidrotexniki qurğuların tədqiqi
şöbəsinin böyük elmi işçisi Məmməd Hüseynzadə “Tullantı suları və
onların çöküntü riskinin idarə olunması”, Fövqəladə hallar və həyat
fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Məhəmməd
Hümbətovun “Sənaye çirkab sularının flüordan və asılqan
hissəciklərdən təmizlənməsi üsulları” mövzularında məruzələri
dinlənilib.

Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran
suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.

Tədbirin yekununda Meliorasiya Elmi Tədqiqat İnstitutunun
doktorantı Fuad Cavadzadənin müəllifi olduğu “İstehsalat
mühəndisləri üçün sorğu kitabı” nın təqdimatı keçirilib. Qeyd
edilib ki, kitab mexanika, energetika və avtomatika sahələri ilə
əlaqədar layihə, istismar və keyfiyyətə nəzarətə dair məsələləri
əhatə etməklə yanaşı, enerjinin optimallaşdırılması üzrə xüsusi bir
bölməni də özündə ehtiva edir və istehsalatda işləməyə hazırlaşan
gənc mütəxəssislərə bilik və bacarıqlarını bu istiqamətlərdə
təkmilləşdirməyə imkan yaradır.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən bəri hər
il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim
dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir.
Fərqli ölkələrin ev sahibliyi ilə təşkil olunan beynəlxalq tədbirin
29-cu “Tərəflərin Konfransı (COP)” noyabrın 11-dən 22-dək
paytaxtımız Bakıda keçiriləcək.