Advertisement

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 17 milyard manatlıq, o cümlədən,
9,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 7,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2023-cü ilin
yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi
real ifadədə 3,3 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və
tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,1 faiz
artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində
aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq
məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4
faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi
avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları
və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya
avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər
qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri
tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə
müqayisədə real ifadədə 3,3 faiz artaraq, ümumi pərakəndə ticarət
dövriyyəsinin 99,7 faizini təşkil edib.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin
yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə
müəssisələr üzrə 10,2 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar
və yarmarkalarda 1,5 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət
şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o
cümlədən, 235 manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb.