Advertisement

Bazar rəqəmsal transformasiyaya məruz qalırsa, tənzimləmə alətləri də məruz qalmalıdır – Nurlan Babayev

Bakı. Trend:

Bazarın özü rəqəmsal tranformasiyaya məruz qalırsa, tənzimləmə
alətləri də məruz qalmalıdır.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Fintex Summit 2024”
çərçivəsində keçirilən panel iclası zamanı Maliyyə Monitorinqi
Xidmətinin Nəzarət və hüquq-mühafizə orqanları ilə iş
departamentinin direktoru Nurlan Babayev deyib.

“Bazarın özü rəqəmsal transformasiyaya məruz qalırsa, həm
fintekslər, həm ənənəvi bankçılıq, həm də tənzimləmə alətləri də
rəqəmsal transformasiyaya məruz qalmalıdır. Biz rəqəmsal
transformasiyada bir addım geridən gəlirik, bu proses paralel
getmir”, – deyə o bildirib.

Onun sözlərinə görə, ödəniş və elektron pul təşkilatları bazarda
uzun zamandır var.

“Çox maraqdır ki, onların varlığını daha tez məhz cinayətkarlar
müəyyən etdilər və istifadə etməyə başladılar. Bu da təbiidir,
çünki tənzimləmə orqanları kollektiv qərarlar verməlidir, qərarlar
bir neçə mərhələ keçməlidir. Cinayətkarlar da isə bu problem
yoxdur”, – deyə Babayev bildirib.

Nurlan Babayev qeyd edib ki, istənilən məhsul bazara təqdim
edilməzdən öncə onun riskləri ölçülməlidir.

“Bütün proseslər təhlil edilməlidir, risklər ölçülməlidir ki,
sonra məhsulla sui-istifadə halları olmasın”, – deyə o
bildirib.

Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və
Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və
Təhlükəsizlik” adlı “Fintex Summit 2024” keçirilir.