
Bakı. Trend:
Birinci Qarabağ müharbəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə
itkin düşən şəhid Quliyev Novruz Mahmud oğlunun Edilli kəndində
kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda
torpağa tapşırılıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, şəhid Novruz Quliyevin
nəşi Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı Füzuli
ərazisindəki Fin qəsəbəsinə gətirilib. Şəhidlə vida mərasimi olub
və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.
Daha sonra şəhidin nəşi dəfn üçün Bala Bəhmənli kənd məzarlığına
gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə
yanaşı, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının
əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid
ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak
ediblər.
Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər
ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.
Şəhid Novruz Quliyev torpağa tapşırılıb.
Qeyd edək ki, Quliyev Novruz Mahmud oğlu 1964ci ildə Füzuli
rayonu Çimən kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəai
başlayanda könüllü olaraq döyüşlərə qatılıb öz doğma yurdu Çimən
kəndində gedən döyüşlər zamanı itkin düşüb. Ötən müddətdə ərzində
ailəsi ondan hər hansısa məlumat ala bilməyib. İkinci Qarabağ
müharibəsində torpaqlarımız azad edildikdən sonra ermənilərin
törətdikləri cinayətlərin izləri açılmağa başladı. Novruz Quliyevin
nəşinin qalıqları 2022 ildə Xocavənd rayonu Edilli kəndində tapılan
kütləvi məzarlıqda aşkarlanıb.





























