Advertisement

Paytaxtda şəhər darboğazlarında hərəkətin təşkili üzrə 7 layihə icra ediləcək

Bakı. Trend:

Rəqəmsam İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhər darboğazlarında hərəkətin
yenidən təşkili üzrə layihələrə start verib.

Bu barədə Trend-ə AYNA-dan
bildirilib.

Belə ki, yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac
hallarının aradan qaldırılması məqsədilə Bakı şəhərində mərhələli
şəkildə 7 layihə icra olunacaq.

İlkin olaraq, Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin
kəsişməsində darboğazın aradan qaldırılması, piyadaların və
sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün yol hərəkəti
yenidən təşkil edilir.

AYNA ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edib.
Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına
təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Artıq icrasına başlanılan layihə çərçivəsində Babək prospektinin
köməkçi hərəkət hissəsi ilə Yeni Günəşli qəsəbəsi istiqamətindəki
nəqliyyat vasitələri və dairədəki nəqliyyat vasitələri arasında
hərəkət növbəliliyinin təmin edilməsi üçün işıqforla nizamlanan,
dairəyə daxil olan digər istiqamətlərdə isə dairəvi hərəkətin
təşkili nəzərdə tutulur.

Babək prospektinin köməkçi yolu ilə Mikayıl Əliyev küçəsi və
şəhər mərkəzi istiqamətində hərəkət edən nəqliyyat axınlarını
bir-birindən ayıran yarımdairə ləğv edilərək vahid dairə ilə əvəz
olunacaq.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək üçün
bütün istiqamətlərdə əlçatan piyada keçidləri təşkil ediləcək.
Həmçinin ərazidə norma və qaydalara uyğun yol nişanlanması da
aparılacaq.

Nəticədə Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə
kəsişməsində günün əsasən pik, bəzən hətta qeyri-pik saatlarında
müşahidə olunan tıxac və sıxlıq halları aradan qaldırılacaq,
kəsişmədə hərəkət növbəliliyi təmin ediləcək. Bununla da
piyadaların və sürücülərin təhlükəsizlik səviyyəsi artırılacaq.