Advertisement

Planetlərin paradı olacaq – Bu tarixdə

Bakı. Trend:

2024-cü il üçün planetlərin paradı iyunun 3-nə təsadüf edir. Bu
zaman 6 planet – Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun
sübh səmasında bir xətt üzrə düzüləcək.

Bu barədə Trend-ə N.Tusi
adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Planetlərin paradı dedikdə planetlərin səmada eyni vaxtda bir
xətt üzrə düzülməsi nəzərdə tutulur. Planetlərin Günəş ətrafında
dolanma periodları və konfiqurasiyaları fərqli olduğundan bu hadisə
müəyyən vaxtlarda baş verir.

Gecə saatlarında yüksələcək Saturn (1.1m) kifayət qədər
parlaqdır və onu adi gözlə rahat görmək mümkün olacaq. Planet həmin
gün Dolça bürcündə yerləşəcək.

Gecənin ikinci yarısında Neptun (7.9m) və Mars (1.0m) Balıqlar
bürcündə görünəcək. Neptun adi gözlə görmək üçün zəifdir, onu
müşahidə etmək üçün kiçik teleskop və yaxud binokla ehtiyac var.
Mars planetini isə qırmızımtıl rənginə görə asanlıqla ayırd etmək
olacaq.

Daha sonra səhər saatlarında Buğa bürcündə yerləşən Uran (5.8m),
Yupiter (-2.0m) və Merkuri (1.4m) şərq səmasına yüksəlməyə
başlayacaq. Yupiter parlaq olduğundan onu səmada asanlıqla ayırd
etmək mümkündür. Merkurini böyüdücü alətlər olmadan da görmək olar.
Uran isə adi gözlə seçilmir.

Planetlərin paradı səhər demək olar ki, planetin istənilən
nöqtəsindən görünməyinə baxmayaraq, ideal müşahidə tarixi coğrafi
məkandan asılı olaraq dəyişə bilər. Bunun üçün müxtəlif
tətbiqlərdən istifadə etmək məqsədəuyğundur. Planetlərin paradı bir
günlə məhdudlaşmır, bu tarixdən əvvəl və sonra bir neçə gün çəkə
bilər. Nəzərə almaq lazımdır ki, Yupiter və Merkuri üfüqə yaxın
yerləşəcəklər.