Advertisement

Ölkəmiz Türkmənistanda keçirilən beynəlxalq tədbirdə uğurla təmsil olunub (FOTO)

Bakı. Trend:

Ölkəmizin Türkmənistandakı Səfirliyindən verilən məlumata
əsasən, 16 May tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində
TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə Milli Komissiyalarının
10-cu iclası keçirilib.

Trend xəbər verir ki,
tədbirin məqsədi Türk dövlətlərinin mədəniyyət, sənədli irs, elm və
təhsil sahələrində əməkdaşlığını gücləndirmək məqsədilə birgə
layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
Tədbirdə TÜRKSOY, TÜRKPA, Türk Mədəniyyəti və İrsi Fondu və
Beynəlxalq Türk Akademiyasının, eləcə də Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan və Monqolustanın
UNESCO üzrə milli komissiyalarının rəhbər və nümayəndələri iştirak
ediblər. İclasda Azərbaycan Respublikasının Türkmənistandakı
fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov, Xarici İşlər
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm
Agentliyinin nümayəndələri iştirak edərək müvafiq sahələr üzrə
təqdimatlarla çıxış ediblər.

Tədbirdə TÜRKSOY-a üzv olan ölkələrin UNESCO üzrə milli
komissiyalarına sədrlik funksiyası Azərbaycandan Türkmənistana
ötürülüb. Qeyd olunmalıdır ki, TÜRKSOY-a üzv olan ölkələrin UNESCO
üzrə Milli Komissiyalarının 9-cu iclası 2023-cü ildə Bakı və Şuşa
şəhərlərində keçirilib. UNESCO üzrə Azərbaycan Respublikasının
Milli Komissiyasının Baş katibi – xüsusi tapşırıqlar üzrə səfir
Seymur Fətəliyev tədbirdə çıxış edərək sədrliyin Türkmənistana
ötürülməsini ifadə edən simvolik hədiyyəni – Azərbaycanın Zəfər
simvolu olan Xarıbülbül hədiyyəsini türkmənistanlı həmkarı Çinar
Rüstəmovaya təqdim edib. Seymur Fətəliyev çıxışında Milli
Komissiyalara sədrlik dövründə Azərbaycan tərəfindən həyata
keçirilən tədbirlərdən və görülən işlərdən danışıb. O, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk
dünyasıdır” sözlərini xatırladaraq Türk dövlətlərinin mədəni irs,
təhsil, elm və digər aidiyyəti sahələr üzrə UNESCO çərçivəsində
əməkdaşlıq üçün gözəl imkanlarının olduğunu vurğulayıb və birgə
əməkdaşlıqla bağlı UNESCO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının təkliflərini səsləndirib.

Tədbirdə çıxış edən Türkmənistanın xarici işlər naziri, UNESCO
üzrə Türkmənistan Milli Komissiyasının sədri Raşid Meredov
ölkəsinin TÜRKSOY və UNESCO ilə əməkdaşlığının gücləndirilməsinə
verdiyi əhəmiyyətdən, böyük türkmən şairi və filosofu Məxdimqulu
Fraqinin 300 illik yubileyinin UNESCO çərçivəsində və milli
səviyyədə qeyd olunması ilə bağlı nəzərdə tutulan tədbirlərdən
danışıb.

Tədbir daha sonra mədəni irs, qeyri-maddi mədəni irs, təhsil və
elm sahələri üzrə təşkil olunan sessiyalarla öz işini davam
etdirib. Ölkəmizi təmsil edən ekspertlər tərəfindən müvafiq
təqdimatlar edilib və əməkdaşlığın müxtəlif aspektləri üzrə
müzakirələr aparılıb. Növbəti, 11-ci iclasın Qazaxıstanın Astana və
Aktau şəhərlərində keçirilməsi təklif edilib. Sonda milli
komissiyaların rəhbərləri Türk dünyasının mədəniyyət və
incəsənətinə verdikləri töhfələrə görə TÜRKSOY-un Baş katibi Sultan
Raev tərəfindən təşkilatın medal və plaketləri ilə təltif
edilib.

Qeyd olunan iclasla yanaşı, tədbir iştirakçılarının 17-18 may
tarixlərində Aşqabadda və Türk dünyasının 2024-cü il üzrə
mədəniyyət paytaxtı elan edilmiş Anev şəhərində keçiriləcək
görkəmli şair və filosof Məxdimqulu Fraqinin 300 illik yubileyinə
həsr olunmuş Beynəlxalq Forum və digər mədəni tədbirlərdə iştirakı
da nəzərdə tutulub.