Advertisement

Sabah IV sinif şagirdləri üçün monitorinq keçiriləcək

Bakı. Trend:

Mayın 18-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV sinif
şagirdləri üçün monitorinq keçiriləcək.

Bu barədəTrend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyindən məlumat verilib.

Bildirilib ki, mayın 19-da VI sinif şagirdləri üçün monitorinq
təşkil olunacaq.

Monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin
yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən
edilməsi, eyni zamanda, tədrisin keyfiyyətinin artırılmasıdır.

Qeyd edək ki, monitorinqlər IV siniflərdə tədris dili və
riyaziyyat, VI siniflərdə isə tədris dili, riyaziyyat və təbiət
fənləri üzrə təşkil olunur.

Monitorinqlərdə istifadə edilən qiymətləndirmə vasitələri IV və
VI siniflər üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında
hazırlanır.

Tapşırıqlar IV siniflərdə tədris dili fənnindən oxu və dil
qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən ədədlər və
əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal
məzmun xətlərini əhatə edir. VI siniflərdə isə tədris dili
fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat
fənnindən ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə,
statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən insan
orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və
onların xassələri, enerji, qüvvə və hərəkət, ətraf mühit və biz
məzmun xətlərini əhatə edir.

Monitorinqdə ümumilikdə 300 minə yaxın məktəbli iştirak
edəcək.

IV siniflərdə keçiriləcək imtahanın müddəti 120 dəqiqədir.
Tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə 27 qapalı
və 3 açıq sual təqdim olunacaq.

VI siniflərdə keçiriləcək imtahanın müddəti 150 dəqiqədir.
Tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı,
riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunacaq.

Hər cavab bir balla qiymətləndirilir. Səhv cavablar düz
cavablara təsir göstərmir.

Bütün dövlət ümumi təhsil müəssisələrində IV və VI siniflər üzrə
şagirdlərin monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər
olduğu təqdirdə onlar monitorinqdə iştirak etməyə bilərlər.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə
ballarına, eləcə də, onların sinifdən-sinfə keçmələrinə təsir
göstərmir.