Advertisement

Bu şəxslərə birdəfəlik müavinət verilib

Bakı. Trend:

İnsan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial
reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik
müavinətlərin verilməsinə 120 min manat ayrılıb.

Trend-in məlumatına görə, bu barədə İnsan alverinə qarşı
mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

Həmçinin, polis orqanları tərəfindən baxımsız, eləcə də,
müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda
qalan 132 uşağa və onların valideynlərinə “Uşaq hüquqları
klinikası”nda, “Uşaq və gənclərin sosial reabilitasiyası
mərkəzi”ndə hüquqi, psixoloji və digər yardımlar göstərilib.

İnsan alverinə qarşı mübarizə üzrə Qeyri-hökumət təşkilatları
Koalisiyası ilə imzalanmış Anlaşma Memorandumunun icrasında
xüsusilə fəqlənən 18 QHT nümayəndəsi Daxili İşlər Nazirliyi
tərəfindən pul (ümumilikdə 23 min manat) və diplomlarla
mükafatlandırılıb, təqdim etdikləri ümumi dəyəri 94 min manatdan
çox olan 11 layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən
maliyyələşdirilib.