Advertisement

Azad edilən ərazilər yüksək enerji potensialı olan ərazi kimi dəyərləndirilir – ŞƏRH

Bakı. Trend:

İşğaldan azad edilən ərazilər yüksək enerji potensialı olan
ərazi kimi dəyərləndirilir.

Bunu Trend-ə açıqlamasında ekoloq Xamis Musalı deyib.

O bildirib ki, bu bölgədə “yaşıl” enerji mənbələrinin
potensialını bir neçə yerə bölmək olar.

“Birincisi, bu ərazilər günəş enerjisi istifadəsi üçün ideal
şəraitə malikdir. Çoxlu günəşli günlər və geniş açıqlıq sahələri bu
bölgənin günəş enerjisi potensialını artırır. Bu, günəş panelləri
vasitəsilə elektrik enerjisi istehsal etmək üçün bölgədə böyük bir
imkan yaradır. Günəşli günlərin çox olması daha böyük enerji
məhsuldarlığına yol açır”.

Ekoloq qeyd edib ki, bununla yanaşı, yüksək dağ silsilələri və
açıqlıq sahələr, külək enerjisi potensialının yüksək olduğu bir
mühit yaradır.

“Bölgədə küləyin sürəti külək enerjisi layihələrinin effektiv
işləyəcəyini şərtləndirən əsas səbəblərdən biridir. Küləyin yüksək
sürəti, daha böyük enerji məhsuldarlığına yol açır. Yüksək dağ
sıraları və açıqlıq sahələri küləyin düzgün cərəyan etməsinə imkan
verir. Külək enerjisi layihələrinin həyata keçirilməsi üçün lazımi
investisiya və infrastrukturun mövcudluğu da əsas şərtlərdəndir.
Artıq bu istiqamətdə işlər görülür.

Böyük çaylar və su anbarları hidroelektrik enerji istifadəsi
üçün də bir potensial təşkil edir. Bu çaylar və su anbarları
hidroelektrik stansiyaların quraşdırılması üçün əlverişli şərait
yaradır.

Bu, “yaşıl” enerji mənbələri, bölgənin enerji təhlükəsizliyini
təmin etmək və ekoloji dəyişikliyi azaltmaq üçün çox önəmlidir.
Mənbələr optimal şəkildə işləndiyində, Qarabağın enerji
istehsalında ciddi bir artım təmin edə bilər və bölgənin ekoloji
təhlükəsizliyini qoruyar”, – deyə o qeyd edib.