Bakı. Trend:
“Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən
işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş
müraciəti əsasında Qazax rayon prokurorluğunda araşdırma
aparılıb.
Trend xəbər verir ki, bu barədə Qazax rayon prokurorluğunun
məlumatında deyilir.
Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs
tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək
müqaviləsi hüquqi qüvvəyə minmədən 2 şəxsin müxtəlif işlərin yerinə
yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Faktla bağlı Qazax rayon prokurorluğunda MMC barəsində İnzibati
Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi
qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi
ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün
aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi
şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.





























