
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və
dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində
səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam
etdirir.
Bu barədə Trend-ə FHN-dən məlumat verilib.
Bu çərçivədə Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun
Yuxarı Öysüzlü və Dondar Quşçu kəndlərində fəaliyyət göstərən fərdi
sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma
məntəqələrində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün
təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqələrində istismar olunan tutumun
istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı,
nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı
müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün
olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı
təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqələrinin istismarı
Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların
aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara
təqdim edilib.





























