Advertisement

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı. Trend:

Alimlərimizin rifahının artırılması çox vacib məsələdir.

Trend xəbər verir ki, bunu qurumun rəsmi
saytına müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin
direktoru Ülkər Səttarova deyib.

“Həqiqətən də, buna diqqət edilməli, yeni maliyyə mexanizmləri
işlənməlidir. Biz də bu istiqamət üzrə müəyyən təhlillər apararaq,
təkliflər hazırlamışıq. Düşünürəm ki, məsələyə kompleks şəkildə
baxılanda daha düzgün addımlar atılacaq. Həm optimallaşdırılma, həm
maddi motivasiya mexanizmləri, həm də birgə əməkdaşlıqla bağlı
problemlərə kompleks şəkildə baxılıb, düzgün həll yolları
tapılacaq”, – o qeyd edib.

Direktor vurğulayıb ki, alimlərimizin böyük əksəriyyəti gənclik
illəri sovet hökuməti vaxtında keçən adamlardır:

“Beləliklə, onlar üçün elmin dili əsasən, rus dili olub. Söhbət
dəqiq və təbiət elmlərindən gedir. Lakin hazırda aparılan elmi
aktivliyin ölçülməsi yalnız ingilis dilində nəşr olunan
ədəbiyyatların üzərində qurulub. İndi bizim yaşlı nəslin ingilis
dilini bilməməsi və ya aşağı səviyyədə bilmələri yaxşı məqalələr
hazırlamalarına mane olur. Orta nəsildə bu problem daha azdır. Amma
yenə də var.

Bu baxımdan maddi məsələ deyəndə təkcə alimə əməkhaqqı
verilməsindən danışmamalıyıq. Məsələn, ana dili ingilis dili
olmayan birinin yazdığı məqalənin üzərində çalışmaq lazımdır ki,
həmin məqalə elmmetrik bazalarda yerləşdirilən məqalələrin ingilis
dili səviyyəsində olsun. Bu xidmət pulludur.

Bu kimi xidmətlərin də təmin olunması üçün alimə vəsait
lazımdır. Digər tərəfdən alimlərimizin məqalələrinin açıq girişdə
olması üçün də müəyyən ödəniş tələb edilir. Yaxşı jurnal hansısa
məqaləni çap etdirmək üçün pul istəmir, amma bu kimi xidmətlərin
geniş ictimaiyyətə çatdırılması ödənişlidir və belə olması da
normaldır. Hədəfimiz odur ki, bu kimi xidmətləri alimlərimiz üçün
əlçatan edək”.