Advertisement

Tələbə transferləri çətinləşir – Yeni qaydalarla aparılacaq

Bakı. Trend:

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər
Səttarova qurumun rəsmi saytına müsahibəsində müəllimlərin
sertifikatlaşdırılması prosesindən keçə bilməyənlər arasında
müəyyən universitetlərin diplomunu almış şəxslərin çoxluq təşkil
etdiyi barədə sualı cavablandırıb.

Trend-in xəbərinə görə, o vurğulayıb ki, hazırda məsələnin
tənzimlənməsi istiqamətində proses gedir.

O qeyd edib ki, müəllimlik ixtisasları üzrə proqram
akkreditasiyası üçün göstəricilərdən biri də məhz akkreditasiya
imtahanlarıdır.

“Bu çox önəmli məsələdir. Bəzi hallarda bizim müəssisələrimiz
diplom verirlər və nəticə etibarilə görünür ki, diplom sahibinin
kifayət qədər biliyi yoxdur. Sonra həmin adam iş tapmayanda, məyus
olur, stres keçirir və məlum olur ki, istədiyi peşəyə sahib ola
bilməyib.

Bəzi hallarda gənclər də seçimlərini düzgün etmirlər və sistem
də elə qurulub ki, hardasa səhv buraxanda həmin an düzəldə
bilmirlər. Lakin bu səhvi düzəltmək üçün transfer sistemi var və
ildə bir dəfə açılır. Tələbə, həqiqətən, səhv etdiyinə əmindirsə,
seçimini düzəltmək üçün şans verilir və bunun özü yaxşı haldır.

Bu il də yay aylarında transferlər olacaq və yeni qaydalarla
aparılacaq. Bizim üçün həm maraqlı, həm də çətin il olacaq. Çünki
ilk dəfədir prosesi universitetlərin öhdəliyinə buraxmışıq.
Prosesdə həm tələbəni ötürən, həm də qəbul edən tərəf iştirak
edəcək. Biz isə daha çox müşahidəçi və tənzimləyici rolda çıxış
edəcəyik”, – deyə direktor qeyd edib.