Advertisement

İAAR tərəfindən AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya prosesi həyata keçirilib

Bakı. Trend:

Beynəlxalq Akkreditasiya və Reytinq Agentliyi (İAAR) tərəfindən
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) hazırlığı
aparılan 2 ixtisas və 1 ixtisaslaşma proqramının akkreditasiyası
keçirilib.

Bu proses AzMİU və İAAR arasında bağlanılmış müqaviləyə əsasən
aparılıb.bNəqliyyat fakültəsinin “nəqliyyat tikintisi
mühəndisliyi”, İnşaat fakültəsinin “inşaat mühəndisliyi”
ixtisasları və “inşaat mühəndisliyi” ixtisaslaşmasında aparılan
akkreditasiyanın məqsədi sözügedən sahələr üzrə kadr hazırlığının
keyfiyyəti və beynəlxalq səviyyə uyğunluğunu yoxlamaq olub. Bu
prosesi həyatı keçirmək üçün AzMİU üzrə özünütəhlil hesabatının
hazırlanması istiqamətində 24 nəfərdən ibarət komissiya yaradılıb.
Komissiyanın sədri Tədris işləri üzrə prorektor professor Akif
Qasımov, müavinlər Nəqliyyat fakültəsinin dekanı dosent Elçin
Yusifzadə və İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev
təyin edilib. Komissiya işinə yanvar ayından etibarən başlayıb,
bütün lazımi məlumatlar onlar tərəfindən toplanaraq təhlil
aparılıb, yekunda özünütəhlil hesabatı hazırlanıb və agentliyə
təqdim olunub.

Özünütəhlil hesabatı ilə tanışlıqdan sonra sözügedən ixtisaslar
və ixtisaslaşma proqramı üzrə kadr hazırlığının keyfiyyəti yoxlamaq
məqsədilə agentlik tərəfindən 13-16 may tarixlərində AzMİU-ya
beynəlxalq ekspertlərdən ibarət komissiya göndərilib. Qeyd olunan
məsələlərlə əlaqədar AzMİU-da səfərdə olan beynəlxalq ekspertlər
universitetlə ilkin tanışlıqdan sonra fakültələrin dekanları,
professor-müəllim heyəti, tələbələrlə ünsiyyətdə olub, müvafiq
yoxlamalar aparıblar.

Universitetdə akkreditasiya prosesini tamamlayan beynəlxalq
ekspert qrupu sonda rəhbər heyət ilə görüşüb, birgə fikir
mübadiləsi aparıblar. Səfərdə olduqları qısa müddət ərzində
hazırladıqları yekun hesabatın nəticəsini isə qərar verilməsi üçün
Beynəlxalq Akkreditasiya Şurasına təqdim ediblər.

Məlumat üçün qeyd edək ki, AzMİU-da Beynəlxalq Akkreditasiya və
Reytinq Agentliyi tərəfindən aparılan akkreditasiya prosesinin
yekun qərarı 21 iyun 2024-cü il tarixində verilməsi nəzərdə
tutulub.