Advertisement

ADY yükdaşımaların təhlükəsiz təşkili üçün lokomotiv parkını sağlamlaşdırır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə “Kamkor Lokomotiv”
müəssisəsi arasında imzalanmış müqaviləyə əsasən, əsaslı təmir üçün
göndərilmiş manevr teplovozlarından biri Bakıya çatdırılıb.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.

Bildirilib ki, adıçəkilən TEM2U lokomotivi son 22 ildə ilk dəfə
olaraq zavod təmirindən keçib və Biləcəri çeşidləmə parkında
yüklərin aidiyyəti üzrə çeşidlənməsi işlərinə cəlb olunacaq.

Müqavilə şərtlərinə uyğun olaraq, indiyədək bu məqsədlə
Qazaxıstana 6 lokomotiv göndərilib, əlavə olaraq 5 lokomotivin yola
salınması üçün hazırlıq işləri davam etdirilir.

Normalara əsasən, manevr teplovozlarının birinci səviyyəli
əsaslı təmiri 7,5 ildən bir, ikinci səviyyəli əsaslı təmiri isə 15
ildən bir həyata keçirilməlidir. Lokomotivlərin uzun müddət
istismar olunduğunu nəzərə alsaq, onların vaxtlı-vaxtında təmir
olunmaması lokomotivlərin sıradan çıxmasına, aradan qaldırılması
mümkün olmayan nasazlıqların yaranmasına səbəb olur.

Hazırda Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə
tranzit yüklərin artmasını və gələcəkdə daha da artacağını nəzərə
alaraq, ADY yüklərin təhlükəsiz daşınması məqsədilə lokomotiv
parkının yenilənməsinə, habelə əsaslı təmirinə ciddi önəm
verir.

Lokomotivlərin təmiri üzrə həyata keçirilən işlərin davamı
olaraq, 2024-cü il ərzində Qazaxıstana göndəriləcək 11 ədəd manevr
teplovozunun və Latviyaya göndəriləcək 4 ədəd ikihissəli
lokomotivin bu il Bakıya təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, ADY-nin lokomotiv parkında hazırda 84 ədəd manevr
lokomotivi mövcuddur.