
Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial
siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci
iclasında iştirak edib.
Komitədən Trend-ə verilən məlumata görə, “Qloballaşan dünyanın
risklərinə qarşı: Ailəmiz gələcəyimizdir” mövzusunda, İstanbul
şəhərində keçirilən iclasın məqsədi türk dünyası ölkələrində
ailənin qorunması və gücləndirilməsi istiqamətində əməkdaşlığın
inkişaf etdirilməsidir.
17 may 2024-cü il tarixdə baş tutan iclasda çıxış edən Bahar
Muradova növbəti dəfə qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə
edib, türk dövlətlərinin daha möhkəm birliyi naminə Təşkilatın
fəaliyyətinə uğurlar arzu edib.
200 milyona yaxın insanın yaşadığı geniş bir coğrafiyanı əhatə
edən türk dünyasının bir yumruq kimi birləşməsinin gərəkli olduğunu
vurğulayan Komitə sədri onu da əlavə edib ki, vaxtilə Ümummilli
lider Heydər Əliyev tərəfindən bütün Zirvə görüşlərində bu mövzu
gündəmə gətirilirdi. Qeyd edib ki, bu gün də ölkə başçısı cənab
İlham Əliyevin fəaliyyətində türkdilli ölkələr arasında birliyin və
koordinasiyanın artırılmasına böyük səy göstərildiyinin şahidi
oluruq.
Bölgədəki Türkiyə-Azərbaycan tandeminə diqqət çəkən B.Muradova,
Qarabağın baş tacı olan Şuşa şəhərində imzalanan Şuşa
Bəyannaməsinin iki ölkə arasındakı qardaşlığı yeni bir mərhələyə
qaldırmaqla yanaşı, bütövlükdə türk dövlətləri üçün də bir yol
xəritəsi olduğunu deyib.
2009-cu ildə “Naxçıvan Sazişi”nə əsasən yaradılmış Türk
Dövlətləri Təşkilatının yalnız regional deyil, həm də daha geniş
ərazi və ölkələrin maraq dairəsində olan çoxtərəfli əməkdaşlıq
formatı kimi nüfuz qazandığını vurğulayan Komitə sədri, qurucu
ölkələrdən biri kimi Azərbaycanın üzv və müşahidəçi ölkələrlə birgə
məqsəd və qarşıdakı hədəflər uğrunda çalışdığını da əlavə edib.
O, Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığın əhatə
dairəsinin genişləndirilməsi, bu sıraya ailə və sosial siyasət
mövzusunun daxil edilməsilə kollektiv səyləri və müxtəlif əhali
qruplarına xidmət sahələrini hədəfləyən mövzularda tərəfdaşlığın
gücləndirilməsinin dəstəkləndiyinə diqqət çəkib. “Bəyan etdiyimiz
əsil birliyə nail olmaq üçün qloballaşan dünyanın risklərinə qarşı
birgə dayanmaq, ortaq dəyərlərimizi şərəfli tarix və mədəni
irsimizi qorumaq ən böyük və ən mühüm vəzifəmizdir”- deyə sədr
əlavə edib.
Çıxışının sonunda Azərbaycanın bu il COP29-a ev sahibliyi
etməsinə diqqət çəkən B.Muradova, böyük türk ailəsinin sağlam
təməllər üzərində möhkəmlənməsi işinə töhfə vermək məqsədilə həyata
keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə təkliflərini
səsləndirib.
İclasda Türk Dövlətləri Təşkilatının digər üzv və müşahidəçi
dövlətlərinin çıxışları dinlənilib.
Yekunda Türk Dövlətləri Təşkilatının ailə və sosial siyasətdən
məsul nazir və digər qurum rəhbərlərinin birinci iclasının
Deklarasiyası qəbul edilib.
12 bənddən ibarət sənəddə Türk Dövlətləri Təşkilatının ailə və
sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin növbəti
görüşünün 2025-ci ildə Azərbaycanda keçirilməsi, eyni zamanda
təklif edilən digər məsələlər öz əksini tapıb.





























