Advertisement

18 may – Beynəlxalq Muzeylər Günüdür

Bakı. Trend:

Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Beynəlxalq Muzeylər
Şurasının (ICOM) təşəbbüsü ilə 47 il əvvəl – 1977-ci ildə təsis
edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur.
Bu ilin mövzusu “Muzeylərdə təhsil və tədqiqat” adlanır.

Trend xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla
yadda qalır, muzeylərdə “açıq qapı” elan edilir.

Builki əlamətdar gün münasibətilə “Bir muzeyin sirri” adlı
layihə həyata keçirilir. Layihənin məqsədi gənc nəslin
maariflənməsində müstəsna əhəmiyyəti olan muzeylərin təbliği, o
cümlədən yutub platforması və digər sosial şəbəkələr vasitəsilə
daha geniş auditoriyanın mədəni irsimiz barədə
məlumatlandırılmasıdır.

Layihə çərçivəsində tanınmış simaların təqdimatı ilə
videoçarxlar hazırlanaraq Bakı şəhərində fəaliyyət göstərən
muzeylərin yutub və başqa sosial şəbəkə hesablarında paylaşılır.
Videoçarxlarda xalqımızın çoxəsrlik tarixi-mədəni və ədəbi
mirasının qorunub gələcək nəsillərə çatdırıldığı muzeylərin
əhəmiyyəti vurğulanır, bu mədəniyyət ocaqlarının ziyarəti təşviq
olunur.