
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Cənub Regional Mərkəzində Masallı,
Cəlilabad, Lənkəran və digər rayonlardan olan vətəndaşları qəbul
edib.
Trend xəbər verir ki, qəbuldan əvvəl Səbinə Əliyeva Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin Masallı şəhərində
ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad
edib.
Sonra Müvəkkil Cənub Regional Mərkəzinin əhatə etdiyi
rayonlardan müraciət etmiş vətəndaşları fərdi qaydada qəbul edib.
Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, onların bəzi
müraciətləri yerində təmin olunub. Müraciətlərdə qeyd edilmiş
problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət
olunacağı qeyd edilib.
Qəbul zamanı, həmçinin vətəndaşların müraciətlərinə daha
səmərəli və çevik şəkildə baxılması məqsədilə Ombudsman Aparatında
24/7 rejimdə fəaliyyət göstərən 916 Çağrı Mərkəzi və digər müraciət
vasitələri barədə məlumat verilib.





























