
Bakı. Trend:
Mayın 20-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş
Assambleyasının iclası öz işinə başlayıb.
Beynəlxalq tədbirdə türk dövlətlərindən 50-yə yaxın
universitetin rektorları, elm və təhsil nümayəndələri iştirak
ediblər.
Tədbirin açılışında Türk dünyası şəhidlərinin xatirəsi ehtiramla
yad edilib, sonra tədbirə həsr olunmuş videoçarx nümayiş
olunub.
Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru professor Ədalət
Muradov iştirakçıları salamlayaraq, UNEC-in TÜRKÜNİB-ə sədrliyi
dövründə gördüyü işlər barədə təqdimatla çıxış edib. Bildirib ki,
2024-2025-ci il üçün elm, təhsil və sosial sahələr üzrə bir çox
tədbir və layihələri əhatə edən Yol Xəritəsi Layihəsi hazırlanaraq,
TÜRKÜNİB-in Baş Assambleyasına təqdim edilib. Prof. Ədalət Muradov
TÜRKÜNİB-in Türk Dövlətləri Təşkilatı qarşısındakı statusu,
mübadilə proqramlarının maliyyələşdirilməsi, TÜRKÜNİB-ə üzvlüyün
kriteriyaları, daimi fəaliyyət göstərən strukturun yaradılması,
eləcə də yeni texnologiyaların elm və təhsildə yaratdığı
fürsətlərdən yararlanmaq və ehtimal olunan təhdidlərdən qorunmaq
məqsədilə birgə fəaliyyət mexanizmlərinə ehtiyacın olub-olmaması
barədə müzakirələrin aparılmasının vacibliyindən danışıb. Rektor bu
günkü iclasda üzvlüklə bağlı 60 universitetin müraciətinə
baxılacağını və birliyin gələcək fəaliyyəti üçün əhəmiyyətli olan
məsələlərin müzakirə ediləcəyini bildirib.
Baş Assambleyada iştirak edən Türk Dövlətləri Təşkilatının Baş
katibi Kubanıçbek Ömüralıyev iştirakçıları salamlayaraq, təşkilatın
gördüyü işlərdən və qarşıda duran vəzifələrdən söz açıb:
“TÜRKÜNİB-ə üzvlüklə bağlı yeni 60 universitetin müraciəti
təşkilata artan marağı nümayiş etdirir. Bu gün TÜRKÜNİB-i daha da
gücləndirməyin yollarını müzakirə edəcəyik. …Türk Dövlətləri
təhsil nazirlərinin iyun ayında Şuşada keçiriləcək 8-ci iclası bu
təkliflərin qəbul edilməsi və TÜRKÜNİB-in daha da
institusionallaşdırılması baxımından mühüm əhəmiyyət kəsb
edir”-deyə baş katib bildirib.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən
Həsənli Türk dünyası dövlətləri ilə elm və təhsil sahəsində həyata
keçirilən əməkdaşlıqdan və əldə olunan müsbət nəticələrdən söz
açıb. O, Assambleyada veriləcək qərarların bu əməkdaşlığın daha da
genişləndirilməsinə və möhkəmlənməsinə zəmin yaradacağını
bildirib.
Beynəlxalq Türk Akademiyasının prezidenti professor Şahin
Mustafayev TÜRKÜNİB-in 7-cı Assambleyasının ölkənin aparıcı
universiteti olan UNEC-də keçirilməsindən məmnunluğunu ifadə edib.
Ş.Mustafayev türk dünyası dövlətlərinin rəhbərlərinin uğurlu
əməkdaşlığından söz açaraq, bu əməkdaşlığın türk dünyası ölkələri
arasında elm, təhsil, ümumilikdə ortaq dəyərlərin mənimsənilməsinə
münbit zəmin yaratdığını bildirib. O, təkliflərin həyata
keçirilməsi məqsədilə TÜRKÜNİB-də əlaqələndirmə mərkəzinin
qurulmasının səmərəli ola biləcəyini də deyib. BTA prezidenti
rəhbərlik etdiyi akademiyanın bu əməkdaşlığın inkişafına hər zaman
dəstək göstərəcəyini diqqətə çatdırıb.
Açılış nitqlərindən sonra Baş Assambleya öz işini müzakirələrlə
davam etdirib. İclasda TÜRKÜNİB-ə üzv olan universitetlərin elm və
təhsil sahəsində proqramlarının uyğunlaşdırılması, mübadilə
proqramlarının sayının artırılması, diplomların ekvivalentliyinin
tanınması və s. istiqamətlərdə müzakirələr aparılıb. TÜRKÜNİB-ə
müraciət etmiş 60 universitet birliyə üzv qəbul olunub və beləliklə
üzvlərin sayı 109-a çatdırılıb.





























