
Bakı. Trend:
İslamofobiya ilə uğurla mübarizə aparmaq üçün müxtəlif ölkələrin
səylərini birləşdirmək lazımdır.
Bunu Trend-ə Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü
ildə islamofobiya ilə mübarizə” adlı beynəlxalq elmi konfransın
Böyük Britaniyadan olan iştirakçısı Ceyms Çarlz Lourens Volfreys
deyib.
O qeyd edib ki, islamofobiyaya qarşı mübarizə aparmaq üçün bu
sahədə müxtəlif ölkələrin təcrübəsini öyrənmək vacibdir.
“Bu cür konfranslar xüsusi əhəmiyyət kəsb edir və belə təcrübə
mübadiləsi üçün lazımi platforma yaradır”, – Vulfreys bildirib.
Onun sözlərinə görə, islamofobiya müxtəlif ölkələrdə fərqli
şəkildə özünü göstərir, lakin damğalanmanın oxşar dinamikası və
cəmiyyətlər arasında müşahidə tələbləri var.
“Məsələn, Fransada ictimaiyyəti müsəlmanlara qarşı ayıq olmağa
vadar etməyə çalışırlar, xüsusilə də müsəlman icmasının terrorizmlə
əlaqəsi barədə şübhələr yaradırlar. Bu yaxınlarda Böyük Britaniyada
da oxşar tədbirlər görülüb”, – o əlavə edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq
Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr
olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə
mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.





























