Bakı. Trend:
“Aztelekom” MMC Şəki rayonunda mövcud ev təsərrüfatı və biznes
subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə
qoşulma imkanı yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib
ki, Şəki şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər
mərkəzində 22 min 92 təsərrüfatdan 6905 ev təsərrüfatı və biznes
subyekti GPON xidmətlərindən yararlanır. Rayonun Oxud, Yeni Oxud,
Kiş, Çeşməli, Qoxmuq, Zərdüştlər, Çələbixan, Baltalı, Baş Layski,
Qumux, Cunud, Şin, Aşağı Göynük, Cumakənd, Orta Zəyzid, Baş Zəyzid,
Vərəzət, Qırxbulaq, Köbər Zəyzid, Daşüz, Küdürlü, Çələbixan
dördyol, Böyük Dəhnə, Cəfərabad, Çolaqlı, Göybulaq, Dərəcənnət təzə
kənd, Dərəcənnət köhnə kənd, Suçma, Aran, Kiçik Dəhnə, Turan,
Çayqaraqoyunlu, Şəkikənd, Cəyirli, Aşağı Küngüt və Fazıl
kəndlərində 25 min 261 təsərrüfat üçün şəbəkənin tikintisi başa
çatdırılaraq təsərrüfatların 98 faizinin genişzolaqlı internetə
çıxışı təmin edilib.
Ümumilikdə, rayon ərazisində 15 min 463 təsərrüfat GPON
xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.





























