Bakı. Trend:
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı
VAZ-2115 markalı avtomobilin sürücüsü Murad Həsənli təhlükəsizlik
kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
məlumat verilib.
Bildirilib ki, sənədləri yoxlanılarkən M.Həsənlinin sürücülük
hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə
dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə
sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs
barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə
göndərilib.
Məhkəmənin qərarı ilə M.Həsənli 15 sutka inzibati qaydada həbs
edilib.





























