Advertisement

Səhiyyə Nazirliyi Ramazan ayı ilə bağlı əhaliyə müraciət etdi

Bakı. Trend:

Ramazan ayında balanslı qidalanmaya diqqət yetirilməlidir.


Trend
xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.

Onun sözlərinə görə, istilik və rütubətin artması səbəbindən
orqanizmin maye ehtiyacını ödəmək üçün iftar və imsak arasındakı
saatlarda 2-2,5 litr su içmək lazımdır.

“Bədəndə maye ehtiyacını artıran çay və qəhvə istehlakı minimuma
endirilməlidir. Xüsusilə çəki problemi və şəkəri yüksək olanların
Ramazan ayında hazır meyvə şirəsi kimi içkilər əvəzinə bədənin maye
ehtiyacını ödəyəcək mineral sulara üstünlük vermələri tövsiyə
edilir”.

Kimlərin oruc tuta bilməməyinə toxunan terapevt qeyd edib ki,
bütün günü ac qalmaq qanda şəkər balansını pozur: “Diabet xəstələri
gündə 3 əsas yemək və 3 qəlyanaltı yeməlidir. Oruc tutmaq istəyən
hipoqlikemiya riski olan diabet xəstələri həkimlərindən məsləhət
almalıdır. Oruc tutmaq böyrək çatışmazlığı olanlar üçün problem
yaradır. Bu xəstələrin böyrək funksiyaları maye itkisi səbəbindən
zəifləyir. Böyrək çatışmazlığı olan insanlar da oruc tutmaq üçün
həkimlərin tövsiyələrinə əməl etməlidirlər. Xroniki xəstəlikləri,
xüsusilə hipertoniya, ürək xəstəlikləri olan insanlar müəyyən
saatlarda dərmanlardan istifadə etməlidirlər. Bu qrupdakı
xəstələrin mütəxəssis həkim məsləhəti olmadan oruc tutması tövsiyə
edilmir.

Hamilələr, süd verən analar özlərinin və körpələrinin sağlamlığı
məqsədilə oruc tutmaq üçün ginekoloqlarından məsləhət almalıdırlar.
Hər hansı xəstəliyin kəskinləşmə mərhələsində, aktiv infeksiyalı
vəziyyətlərdə də həkim məsləhəti olmadan oruc tutulması zərərli ola
bilər”.

Z.Quliyev qeyd edib ki, uzun müddətli orucdan sonra iftarda 20
dəqiqədən sonra toxluq hissi yaradan hormonlar ifraz edildiyi və
çox yemək istəyi aradan qalxdığı üçün yemək tez istehlak
edilməməlidir:

“Artıq miqdarda və sürətli yemək sağlamlıq problemlərinə səbəb
ola bilər. İftar süfrəsində ilk növbədə şorba, tərəvəz və salat
olmalıdır. Həddindən artıq yağlı qidalara üstünlük verilməməlidir.
Belə qidalar istehlak edilərsə, onların miqdarı minimal
olmalıdır.

Ramazan ayında qaynadılmış və sobada bişmiş yeməklərə üstünlük
verilməlidir. Qızardılmış qidalardan uzaq durmaq lazımdır. İftardan
sonra hərəkətsizliyə və yatmağa vaxt sərf etmək əvəzinə, gəzinti
kimi yüngül məşqlər edilməlidir. Ramazan ayında pəhriz dəyişikliyi
və maye qəbulunun olmaması səbəbindən qəbizlik yarana bilər. Bu
səbəblə lifi yüksək olan qidaların istehlakına diqqət
yetirilməlidir”.