Advertisement

“Təbiətin bayram rəngləri” adlı rəsm sərgisi keçirilib (FOTO)

Bakı. Trend:

Martın 12-də Xətai Sənət Mərkəzində Xətai Rayon İcra
Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik
Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr
olunmuş “Təbiətin bayram rəngləri” adlı rəsm sərgisi keçirilib.

Sərgidə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri
Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Mehriban
İsrafilova, Xalq rəssamı Siruz Mirzəzadə, Azərbaycan Milli Xalça
Muzeyinin Şuşa filialının müdiri, “Sehrli aləm” Cəmiyyətinin
prezidenti Azər Abdullayev iştirak ediblər.

Sərginin keçirilməsində məqsəd uşaqların bacarıqlarını üzə
çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək,
yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, eyni zamanda, milli
ruhda böyümələrinə, milli-mənəvi dəyərlərimizə, ənənələrimizə böyük
hörmətlə yanaşmalarına dəstək olmaqdır.

Sərgidə Mərkəzin “Təsviri İncəsənət” dərnəyinin üzvləri Novruz
adət-ənənələrini, atributlarını özündə əks etdirən maraqlı rəsm
əsərlərini nümayiş etdiriblər.

Sərgi ilə tanışlıqdan sonra Xalq rəssamı Siruz Mirzəzadə belə
tədbirlərin əhəmiyyətindən, rəsm əsərlərinin müəlliflərin
yaradıcılıq imkanlarının, duyğularını rənglərin dili ilə ifadə
etmələrinin təqdimatında əsas amil olduğunu bildirib. Diqqətə
çatdırılıb ki, bu günün gənc, bacarıqlı rəssamları Azərbaycanın
gələcək təbliğatçılarıdır. Hər bir xalqı yaşadan, dünya xalqları
arasında fərqləndirən mühüm xüsusiyyətlərdən biri milli-mənəvi
dəyərləri, adət-ənənələridir. Onları qorumaq, yaşatmaq və gələcək
nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur.

“Mədəniyyət” kanalının “Səhər” proqramının rəhbəri Nəcibə
Əlixanova bildirib ki, yaşı bilinməyən, əsrləri arxada qoyaraq
bugünümüzə qədər gələn Novruzun atributlarının olduğu kimi
qorunması, ulularımızdan ərməğan, dildən-dilə yaşadılan el
mahnıları, bənzətmələr, oxşamalar, bayatılar xalqımızın mənəvi
zənginliyini göstərən sərvətlərimizdəndir.

Xalça Muzeyinin Şuşa filialının müdiri, “Sehrli aləm”
Cəmiyyətinin prezidenti Azər Abdullayev bildirib ki, zəngin tarixə,
adət-ənənələrə malik olan Azərbaycan xalqı daim öz tarixi kökləri,
milli-mənəvi dəyərləri, zəngin tarixi ilə fəxr etmişdir. Tarixi çox
qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il böyük
təntənə ilə qeyd olunması da bu bağlılıqdan qaynaqlanır.
Milli-mənəvi dəyərlərimizi qoruyaq, tariximizi öyrənək,
adət-ənənələrimizin, dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə
öz töhfələrimizi verək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Vəfa Məhərrəmli
vurğulayıb ki, Novruz baharın müjdəçisidir. Novruz bayramı təbiətin
oyanmasının, canlanmasının simvolu olmaqla yanaşı, həm də özündə
ümumbəşəri dəyərləri təcəssüm etdirir. Xalqımız Novruzun
ənənələrini hər zaman yaşadıb.

“2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin
direktoru Əminə Musayeva vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin
uzaqgörən siyasəti və bu xəttin son 20 ildən artıq dövrdə Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi milli köklərə
söykənən ənənələrmizin yaşadılmasına və daha geniş miqyasda
təbliğinə imkan yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun
həyata keçirdiyi layihələr də təqdirəlayiqdir.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar
Rəhimzadə bildirib ki, hər bir xalqı dünyada tanıdan onun
milli-mənəvi dəyərləri, adət-ənənələri, mədəniyyəti və elmi
potensialıdır. Milli varlıq və mənəviyyat xəzinəsi olan Bahar
bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz
yadigarıdır. Bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik
mədəniyyətimizin parlaq təcəssümüdür.

Vüqar Rəhimzadə onu da diqqətə çatdırıb ki, Ümummilli Lider
Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə milli-mənəvi
dəyərlərimizin qorunması, inkişafı əsas istiqamətlərdən biri olub.
Novruzun qədim köklərə malik olduğunu bəyan edən Ümummilli Lider
Heydər Əliyev imperiyanın sərt qadağalarına baxmayaraq bu bayramın
respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.
Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımız bu
bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı.

Çıxışlarda bu mühüm məqam xüsusi vurğulanıb ki, artıq dörd ildir
bayramlarımızı, əlamətdar tarixi gunləri Zəfər ovqatında qeyd
edirik. Novruz tonqalları Qarabağımızda və Şərqi Zəngəzurumuzda
alovlandırılır. Azərbaycanın döyünən ürəyi, mədəniyyət beşiyi olan
Şuşamızda Novruz bayramı qeyd edilir. Bu il daha da sevincliyik.
Ötən il Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror
tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi,
suverenliyimiz tam bərpa olundu. Bu il Xankəndidə, Xocalıda,
Xocavənddə Novruz tonqallarının alovlandırılması hər birimizi
qürurlandırır.

Tədbirdə müəllimlərə və rəsm əsərlərinin müəlliflərinə diplomlar
təqdim edilib.

Sonda “Aktyor sənəti” dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya
ilə çıxış edib, “Bənövşə” xorunun ifasında mahnılar səsləndirilib.
Həmçinin “Təbəssüm” rəqs qrupu maraqlı rəqs nömərələri ilə çıxış
ediblər.