Bakı. Trend:
Bəzən vətəndaşlar pensiya almaq üçün iki hüququnun olması barədə
məlumatsız olur.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, əgər vətəndaşın eyni anda iki hüququ
yaranarsa, misal olaraq, həm ailə başçısını itirməyə, həm də yaşa
görə pensiya almaq hüququ yaranırsa, mövcud qanunvericiliyə əsasən,
bir pensiyadan digərinə keçid yalnız onun yazılı müraciətindən
sonra baş verə bilər:
“Vətəndaş desə ki, sırf yaşa görə yox, ailə başçısını itirməyə
görə pensiya almaq üçün müraciət edir və hüququ təmin edilə bilər.
Biz birbaşa ən yüksək pensiya hansıdırsa, onu təyin edəcəyik. Bu
təqribən ilə 6-7 min insanı əhatə edəcək. Bəzən heç onların
məlumatı da olmur ki, onların iki hüququ var. Məsələn, yaşa görə
pensiyasını alır və bilmir ki, həyat yoldaşı vəfat etdikdən sonra
onun pensiyasının şamil olunması ilə pensiya məbləği artırıla
bilər. Vətəndaşın məlumatı olmasa da, “Əmək pensiyaları haqqında”
qanuna təklif olunan dəyişikliklə bunu elektron qaydada təmin
edəcəyik”.





























