Advertisement

Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb

Bakı. Trend:

Mədəniyyət Nazirliyi tanınmış türkoloq-alim Ramiz Əskərin vəfatı
ilə bağlı nekroloq yayıb.

Trend xəbər verir ki,
nekroloqda deyilir:

“Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Tanınmış
türkoloq-alim, filologiya elmləri doktoru, tərcüməçi, jurnalist,
Bakı Dövlət Universitetinin (BDU) professoru Ramiz Əskər 22 may
2024-cü il tarixində, 70 yaşında vəfat edib.

Ramiz Baxşəli oğlu Əskərov 10 yanvar 1954-cü ildə Qərbi
Azərbaycanda, Amasiya rayonunun Qaraçanta kəndində anadan olub.
1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
Jurnalistika fakültəsini bitirib. Bir sıra qəzet və jurnallarda
məsul vəzifələrdə çalışıb.

2003-cü ildən taleyini Bakı Dövlət Universitetinə bağlayan
R.Əskər burada türk xalqları ədəbiyyatını tədris edib, Bədii
tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi və müdiri
olub. 2012-ci ildən BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının
müdiri vəzifəsində çalışıb. Bu təhsil ocağının professoru kimi
fəaliyyət göstərib.

R.Əskərin müəllifi və tərtibçisi olduğu “XX əsr özbək şeiri
antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Sultan
Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və
digər nəşrlər ona Azərbaycanla yanaşı, bütün Türk dünyasında şöhrət
qazandırıb. O, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar,
başqırd və qaqauz dillərindən tərcümələr edib.

Ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli
fəaliyyətinə görə dövlət başçısının sərəncamları ilə R.Əskər
“Əməkdar jurnalist” (2010) fəxri adına, “Şöhrət” və 2-ci dərəcəli
“Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb. O, həmçinin türk
respublikalarının yüksək mükafatları ilə təltif olunub.

Mədəniyyət Nazirliyinin kollektivi tanınmış elm və mətbuat
xadiminin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və
yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin”.