
Bakı. Trend:
Uzun illərdən sonra Qobustan rayonunun Ərəbşalbaş kəndində yeni
kənd həkim məntəqəsi istifadəyə verilib.
Trend xəbər verir ki,
məntəqənin açılış mərasimində TƏBİB-in İlkin səhiyyə xidmətinin
təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov, Qobustan Rayon İcra
Hakimiyətinin başçısının birinci müavini Məharət Əkbərov, Qobustan
Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova, xeyriyyəçi,
həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadə, o cümlədən rayon
ictimaiyyəti və tibb işçiləri iştirak edib.
Xeyriyyəçi, həkim-otorinolarinqoloq Əzizxan Mollaalmazzadənin
şəxsi vəsaiti ilə tikilən yeni kənd həkim məntəqəsi 243 kv. sahənin
əhatə edir və ümumilikdə 7 otaqdan ibarətdir. Məntəqədə müdir,
həkim, peyvənd, manipulyasiya, qeydiyyat, texniki və müayinə
otaqları var.
Yeni kənd həkim məntəqəsinin açılışında iştirak edən TƏBİB-in
İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov
çıxışında bildirib ki, ölkədə əhalinin sağlamlığının qorunması və
səhiyyə sisteminin inkişafı istiqamətində dövlət tərəfindən davamlı
mühüm tədbirlər həyata keçirilir. Bu sahəyə ayrı-ayrı şəxslərin
dəstəyinin də vacibliyini qeyd edən N.Rəhmanov şəxsi vəsaiti
hesabına kənd həkim məntəqəsini inşa etdirən Ə.Mollaalmazzadəyə
minnətdarlığını bildirib.
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova
bölgələrdə və ucqar kəndlərdə tibbi xidmətin səviyyəsinin
yüksəldilməsi istiqamətində atılan addımlardan danışıb. O, yeni
tikilən kənd həkim məntəqəsinin Ərəbşalbaş kəndinin sakinlərinin
sağlamlığına töhfə verəcəyinə, məntəqə vasitəsilə tibb işçilərinin
kənddə ilkin səhiyyə xidmətlərini daha yüksək səviyyədə təşkil
edəcəyinə əminliyini bildirib.





























