
Bakı. Trend:
2023-cü ildə Azərbaycanda 919 nəfər İnsan immunçatışmazlığı
virusuna (İİV) yoluxub.
Trend xəbər verir ki,
bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il
üzrə hesabatında qeyd olunub.
Hesabata əsasən, bütövlükdə 1987-ci ildən 2023-cü il dekabr
ayının sonunadək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş
11055 nəfər qeydiyyata götürülüb (10692-si Azərbaycan vətəndaşı,
363-ü əcnəbi). İİV-ə yoluxanların 7874-ü kişi, 3181-i qadındır.
Onlardan 3632-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi
nəticəsində baş verib. Ötən il ərzində antiretrovirus terapiyasına
(ART) cəlb olunan 863 pasiyentdən 77 nəfəri inyeksion narkotik
istifadəçisi olub. 2023-cü ilin 31 dekabr tarixinə isə ART-yə cəlb
olunmuş İİV-li xəstələrin ümumi sayı 8749 nəfər təşkil etmişdir ki,
onların da 2554 nəfəri inyeksion narkotik istifadəçisidir.





























