Advertisement

Səhiyyə naziri Naxçıvan Muxtar Respublikasında səfərdə olub (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan
Muxtar Respublikasının yaranmasının 100 və Naxçıvan səhiyyəsinin
100 illiyi münasibətilə “Naxçıvan Muxtar Respublikasının səhiyyə
sistemində görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda
konfrans keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının səhiyyə naziri
Teymur Musayev və konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər
Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət
edib, önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Ardınca Heydər Əliyev Muzeyi ziyarət edilib, Ümummilli Liderin
mənalı ömür yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən dəyərli
eksponatlarla tanışlıq olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və Azərbaycan
Respublikasının səhiyyə naziri Teymur Musayev Əziz Əliyev adına
Naxçıvan Muxtar Respublikası Uşaq Xəstəxanasının fəaliyyəti ilə
maraqlanıb, xəstəxanada yeni yaradılan Təcili Tibbi Yardım
Bölməsinə baxıblar. Bildirilib ki, bölmə funksional çarpayılar,
xəstəbaşı monitorlar, infuzomatlar, perfuziya aparatı ilə təmin
edilib. Burada xəstələrin yaşıl, sarı və qırmızı sahələr üzrə triaj
sistemi tətbiq edilir.

Sonra Naxçıvanda yeni yaradılan Təcili Tibbi Yardım Mərkəzinin
fəaliyyəti ilə tanışlıq olub. Mərkəzdə qurulan müasir sistemlə
bağlı məlumat verilib ki, muxtar respublika üzrə fəaliyyət göstərən
təcili tibbi yardım avtomobilləri daxili və xarici müşahidə
kamerası və GPS sistemi ilə təchiz edilib. Modern texniki və tibbi
avadanlıqlarla tam təchiz olunmuş reanimobillər təcili tibbi yardım
işinin təşkilində xidmətin keyfiyyətini artıracaq. Mərkəzdə
fəaliyyət göstərən “103 Çağrı Mərkəzi”ndə quraşdırılan proqram
təminatı vahid koordinasiya mərkəzindən idarəolunmanı təmin edib.
Yeni sistem vasitəsilə real vaxt rejimində təcili tibbi yardım
avtomobillərinin hərəkətinə onlayn xəritə və canlı video vasitəsilə
nəzarət etməyə imkan yaradır.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının tam
avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərən beynəlxalq
akkreditasiyalı laboratoriyası ilə tanışlıq zamanı qeyd edilib ki,
burada klinik laborator diaqnostikasının bütün sahələri üzrə
keyfiyyətli və dəqiq xidmət göstərilir.

Xəstəxananın Təcili Tibbi Yardım Şöbəsində aparılan yenidənqurma
işləri barədə məlumat verilib ki, xidmət xəstələrin vəziyyətinə
görə təcili yardımın müvafiq 3 sahəsinə uyğun təşkil edilib və
uyğun tibbi avadanlıqlarla təchiz olunub. Həmçinin xəstəxanada
müxtəlif tibbi profilli təlimlərin keçirilməsi məqsədilə 60 və 15
nəfərlik olmaqlamüasir təchizatlı 11 təlim-treninq otağı yaradılıb.
Treninq otaqlarına şəhid olmuş tibb işçilərinin adları verilib.

Sonra xəstəxananın konfrans zalında “Naxçıvan Muxtar
Respublikasının səhiyyə sistemində görülən işlər və qarşıda duran
vəzifələr” mövzusunda konfrans öz işinə başlayıb.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin təqdim etdiyi videoçarxa baxış olub.

Konfransın Azərbaycanın müstəqillik və dövlətçilik tarixində
müstəsna yeri olan 28 May – Müstəqillik Günü ərəfəsində
keçirildiyini deyən Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əlamətdar gün
münasibətilə hər kəsi təbrik edib. Qeyd edib ki, Ümummilli
Liderimiz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli
istiqlalımız uğrunda aparılan mübarizəni yüksək qiymətləndirib,
müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi uğrunda misilsiz
xidmətlər göstərib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi və
2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın
suverenliyi tam bərpa olunub, regionda yeni reallıqlar yaranıb.
Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan üçrəngli bayrağımızın
Şuşada və işğaldan azad olunmuş digər ərzilərdə dalğalanmasının
qürurunu yaşayırıq. Qarabağda geniş quruculuq işləri gedir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülən
işlər barədə məlumat verən səlahiyyətli nümayəndə diqqətə çatdırıb
ki, icrası davam etdirilən 11 prioritet istiqamətdən biri də
səhiyyənin müasir inkişafının təmin olunmasıdır. Hazırda Naxçıvan
səhiyyəsinin maddi-texniki bazasının və kadr potensialının
təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr icra olunur, innovativ
yeniliklərə əsaslanan rəqəmsal səhiyyə sistemi qurulur. Naxçıvan
Dövlət Universitetinin Tibb fakültəsinin Naxçıvanın səhiyyə
sistemində özünəməxsus rol oynadığını bildirən Fuad Nəcəfli
vurğulayıb ki, sözügedən Dövlət Proqramına uyğun olaraq fakültə
üçün əlavə kampus inşa olunacaq.

Səlahiyyətli nümayəndə ötən qısa dövrdə muxtar respublikada
aparılan səhiyyə islahatları barədə məlumat verib, bu işlərin
təşkilində dəstəyinə görə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinə, eləcə də əməyi olan hər kəsə təşəkkür edib, konfransın
işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev
konfrans iştirakçılarını müstəqil və suveren Azərbaycanın ayrılmaz
tərkib hissəsi olan Naxçıvanda salamlamaqdan məmnunluğunu ifadə
edib. Nazir diqqətə çatdırıb ki, son illər muxtar respublikada
institusional və qanunvericilik baxımından mühüm islahatlar həyata
keçirilir. Bu islahatlar səhiyyə sistemində də özünü effektiv
şəkildə göstərir, yeni tibb müəssisələri istifadəyə verilir, mövcud
tibbi resurslar yenilənir, müasir texnologiyalar tətbiq edilir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Muxtar
Respublikasında səhiyyə sahəsində göstərilən xidmətlərin
keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların
yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm
məsələlərin yer alması bu sahədə fəaliyyətin daha təkmil, müasir və
etibarlı təşkilinə zəmin yaradacaq. Nazir qeyd edib ki,
Azərbaycanda tibbi islahatlar 3 əsas istiqamət üzrə – səhiyyədə
çalışan insan kapitalının formalaşması, səhiyyənin rəqəmsallaşması
və yeni səhiyyə iqtisadiyyatı, yəni səhiyyənin maliyyələşməsində
yeni mexanizmlər yönündə aparılır. Sevindirici haldır ki, son illər
Naxçıvan Muxtar Respublikasında bu istiqamətlərdə əsaslı işlər
görülüb. Xüsusilə tibbi təhsilin inkişafı istiqamətində mühüm
addımlar atılır. Bütün bunlar Naxçıvanın yaxın gələcəkdə regional
tibbi təhsil və tədqiqat mərkəzi kimi formalaşmasına xidmət
edəcək.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini,
nazir vəzifələrini icra edən Samiq Sadıxov Naxçıvanda fəaliyyət
göstərən tibbi personal adından bu sahədə həyata keçirilən
islahatları dəstəklədiklərinə görə Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad
Nəcəfliyə və Azərbaycan Respublikasının səhiyyə naziri Teymur
Musayevə təşəkkür edib.

Samiq Sadıxov qeyd edib ki, Azərbaycan Respublikası
Prezidentinin tapşırıqlarına uyğun olaraq son illər muxtar
respublikada kompleks səhiyyə islahatları aparılır. Bunun
nəticəsidir ki, Azərbaycan Respublikasında rezidentlərin
hazırlanması üçün klinik baza kimi müəyyən edilmiş tibb
müəssisələrinin siyahısında Naxçıvan Muxtar Respublikası ərazisində
yerləşən 11 tibb müəssisəsi də yer alır. Muxtar respublikada əhali
pulsuz tibbi prosedurlarla və müvafiq dərman vasitələri ilə təmin
edilib. Həkim və tibb bacılarının peşəkarlığının artırılması üçün
Türkiyənin Hacettepe və Qazi Universitetlərinin xəstəxanaları ilə
əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Razılaşmaya əsasən 80-ə
yaxın tibb işçisi sözügedən universitetlərdə təlim və təcrübələrdə
iştirak edib. Bu proses mərhələli şəkildə davam etdiriləcək. Bundan
başqa, tibbi personalın əməkhaqqı əhəmiyyətli şəkildə artıb,
həkimlər üçün əlavə stimullar tətbiq olunur. Bütün bunların
nəticəsidir ki, ölkəmizin digər bölgələrindən də rezidentlər
Naxçıvanın tibb müəssisələrini seçirlər.

Konfransda iştirakçıları maraqlandıran suallar cavablandırılıb,
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təqdim etdiyi
“Ümid əllərdə” videoçarxına baxış olub.

“Naxçıvan Muxtar Respublikası Həkimlər Assosiasiyası” İctimai
Birliyinin sədri İsa Abdullayev klinik tibbi bazaların Naxçıvan
Muxtar Respublikası üzrə fəaliyyəti barədə məlumat verib, ona
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin diplomu təqdim
olunub.

Sonda Səhiyyə sisteminin elektron idarəediməsi və “103 Çağrı
Mərkəzi”nin proqram təminatları, Təcili Tibbi Yardım xidmətində
videotelematik sistemin tətbiqi və e-səhiyyə sisteminin
təqdimatları olub.