
Bakı. Trend:
Elməddin 18 yaşında həqiqi hərbi xidmətə getdi. İtkin xəbəri
gələndən sonra oğlumdan bir də xəbər ala bilmədik. Əlim çatan hər
yeri axtardım Elməddindən xəbər-ətər olmadı.
Bu sözləri Trend-ə şəhidin
atası Şirxan Abbasov deyib.
O bildirib ki, dörd övladından biri Birinci Qarabağ
müharibəsində şəhid olub, digər oğlu isə müharibə veteranıdır:
“Elməddin 18 yaşı tamam olduqdan sonra qanuni həqiqi hərbi
xidmətə getmişdi. Əvvəlcə Şəmkirə aparmışdılar. Yanına getmişdim, o
vaxt dedi ki, onları Kəlbəcərə döyüşə aparacaqlar. Qardaşım
uşaqları Şəmkirdə yaşayır, onlar tez-tez Elməddin ilə danışırdılar.
Elməddin bir gün onlara deyib ki, sabah bizi Kəlbəcərə aparırlar. O
vaxtdan Elməddindən xəbər yoxdur.
Elməddin Hava Müdafiəsi dəstəsində xidmət edirdi. Mən elə
ehtimal edirəm ki, o vaxt Qar uçqunu olanda qalıblar uçqun altında.
Donub ölüblər bəlkə də. Sonra da gətirib Gəncədə Şəhidlər
Xiyabanında naməlum adə ilə dəfn ediblər. 2014-cü ildə məndən,
anasından, qızımdan və oğlumdan nümunələr götürdülər. Elə o
nümunələrlə DNT analizi aparılıb müəyyən edilib ki Elməddindir. 31
ildir Sumqayıtda yaşayırıq Elməddini də Sumqayıt Şəhidlər
xiyabanında dəfn etmək istədiyimizi dedik. Bu gün oğlumu son
mənzilə yola salacam”.
Ş.Abbasov onu da qeyd edib ki, Birinci Qarabağ müharibəsində
qızının yoldaşı, bacısının oğlu, bir də öz oğlu Elməddin şəhid
olublar.
Qeyd edək ki, Birinci Qarabağ mügharibəsində şəhid olmuş
Elməddin Abbasov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa
tapşırılıb.





























