
Bakı. Trend:
Heydər Əliyev Mərkəzində daha bir layihə çərçivəsində möhtəşəm
heykəltəraşlıq nümunələri sərgilənməyə başlayıb.
Trend xəbər verir
ki, mayın 23-də Mərkəzdə italiyalı heykəltəraş Canfranko Megiatonun
fərdi sərgisi açılıb.
Oktyabrın 26-dək davam edəcək “Görünməyənin cizgiləri” adlı
sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur.
Açılış mərasimdən əvvəl heykəltəraş Canfranko Megiato
jurnalistlərə açıqlamasında əsərlərinin Heydər Əliyev Mərkəzində
nümayiş etdirilməsindən məmnunluq hissi keçirdiyini deyib.
Heykəltəraş buranın onun üçün sonsuzluq ifadə etdiyini qeyd edib.
O, bəzi əsərlərində Mərkəzin binasından da ilhamlandığını
bildirib.
“Əsərlərimin məhz bu məkanda sərgilənməsi mənim üçün bir stimul
oldu. Həmçinin qeyd etmək istəyirəm ki, ekspozisiyada yer alan
əsərlərin 19-u ictimaiyyətə ilk dəfə təqdim olunur”, – deyə
Canfranko Megiato əlavə edib.
Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında “Cücərmə”
(“Germination”), “Kvant nəfəsi” (“Quantum Breath”), “Mistral”
(“Mistral”), “Elm və bilik” (“Science and Knowledge”), “Oyanış”
(“Awakening”), “Yaradılış” (“Creation”) və digərləri izləyicidə
böyük maraq yaradacaq.
Ekspozisiya Mərkəzin park ərazisində, foye və sərgi zalında
qurulub. Mərkəzin qarşısında yer alan 6 metr hündürlüyündəki
“Cücərmə” (“Germination”) adlı əsər isə xüsusi məna daşıyır. Əsər
“biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin
hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili
yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu
konsepsiyalarını qəbul etməyincə nə sülh, nə də mənsub olduğumuz
ətraf mühitə hörmət olacaq”, – ideyasını çatdırır.
Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb
ki, Mərkəzdə uzun müddətdir bir çox heykəltəraşların əsərləri
təqdim edilib. O, sərgidə yer alan əsərlərin ziyarətçilərdə böyük
maraq doğuracağını deyib və sərginin ərsəyə gəlməsində əməyi
keçənlərə, xüsusən cənab Megiatoya bu işə həssasla yanaşdığına görə
təşəkkürünü bildirib.
Xalq rəssamı Fərhad Xəlilov sərginin Heydər Əliyev Mərkəzinin
binası ilə unikal uyğunluq yaratdığını söyləyib. “İtaliya sözü
səslənəndə bir çox insanların qəlbində gözəl, isti hisslər yaranır.
Hesab edirəm ki, bizim doğma, oxşar hisslərimiz var”, – deyə Xalq
rəssamı bildirib.
Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur
platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi –
Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb.
O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltəraşlıq üzrə
təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb.
Rəssam həykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və
zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli
yolunu təcəssüm etdirir.
Heykəltəraşın əsərləri vətəni İtaliya ilə yanaşı ABŞ, Almaniya,
Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük
Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya,
Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna
və digər ölkələrdə sərgilənib. Onun heykəltəraşlıq nümunələri
müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir. Canfranko
Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə edilir.
Vaxtı ilə İtaliyanın Skolasium arxeoloji parkında səhnələşdirilmiş
Bizenin “Karmen” operasındakı dekorasiyalar Canfranko Megiatonun
müəllifi olduğu heykəllərdən qurulmuşdu. Rəssam heykəltəraşlıq
instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik
olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə
ICOMOS/UNESCO mükafatına layiq görülüb.





























