Advertisement

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarların Reyestri yaradılır

Bakı. Trend:

Azərbaycanda tütün məmulatının idxalı və istehsalını həyata
keçirən sahibkarların Reyestri yaradılır.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatı
haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını
həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması,
tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq
subyektlərinin Reyestrinin (bundan sonra – Reyestr) aparılması
qaydasını və Reyestrin əsasnaməsini müəyyən etmək təklif
edilir.

Sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və
istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının
yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilir.

Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilir
və həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıda
çıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalı
fəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə bu
Qanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyat
şərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata
keçirilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üşüncü
oxunuşda qəbul edilib.