
Bakı. Trend:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Yaşıl dünya naminə
həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” aksiyasını
Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarında yerləşən dini
ibadət yerlərində davam etdirib.
Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.
Bildirilib ki, may ayının 23-də Şamaxıdakı Pirsaat Baba
ziyarətgah-məscid kompleksinin ətrafında keçirilən ağacəkmə
aksiyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin
Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov,
din xadimləri və dini icma sədrləri iştirak ediblər.
İslam və qeyri-islam dini icma üzvlərini bir araya gətirərək
ibadət evlərinin ətrafını, yaxınlıqdakı ictimai yerləri
yaşıllaşdırmaq, dini icmalar arasında ümummilli məsələlərdə
həmrəylik, eləcə də əməkdaşlığı daha da artırmaq məqsədilə
keçirilən aksiyalarda ağac və gül tingləri əkilib, abadlıq işləri
aparılıb.
Qeyd edək ki, “Yaşıl gələcək naminə” ağacəkmə aksiyasına Ulu
Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə
may ayının 10-da start verilib.





























